Budapeştdə güləş üzrə dünya çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın beşinci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qatılıb. Azərbaycan güləşçilərindən ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında 4 il əvvəl yeniyetmələr arasında Olimpiya çempionu olan Şimali Koreya təmsilçisi ilə çətin qarşılaşmadan qalib ayrılan Stadnik karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisi ilə mübarizə aparacaq.Anjela Doroqanın (53 kq) da startı parlaq alınıb. Yığmamızın üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib. Amerikalı rəqiblə görüş ağır keçib və güləşçimiz məğlub olub. Rəqib finala çıxdığından Anjela təsəlliverici görüşə qatılıb və qazaxıstanlı idmançıya məğlub olub.Alyona Kolesnik (57 kq) ilk mərhələdə son Olimpiya və ikiqat dünya çempionu ilə üz-üzə gəlib. Güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala çıxdığı üçün Alyona təsəlliverici görüşdə iştirak hüququ qazanıb və Hindistan təmsilçisinə uduzub.Elmira Qəmbərovanın (62 kq) Bolqarıstan təmsilçisi ilə görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib. Ancaq rəqibin finaladək irəliləməsi güləşçimizə təsəlliverici görüşdə özünü göstərmək imkanı verib. E.Qəmbərova təsəlliverici görüşdə çinli rəqibinə də yenilib.xeber100.com

Oktyabr 25, 2018 1:50

Beynəlxalq şahmat turnirinin dördüncü raundunda

Men adasında (Böyük Britaniya) keçirilən beynəlxalq şahmat turnirinin dördüncü raundunda Azərbaycan qrossmeystri Arkadi Naydiç rusiyalı şahmatçı Pavel Trequbova qalib gəlib.Azərtac xəbər verir ki, Azərbaycan nümayəndəsinin ağ fiqurlarla oynadığı bu turda 40-cı gedişdən sonra onun rəqibi təslim olub.Yarışların dörd turundan sonra hərəyə dörd xal toplamış Arkadi Naydiç və Çin şahmatçısı Van Hao liderdirlər. Hindistanlı Santoş Qujrati Vidit, onun həmyerlisi Abxicit Qupta, fransız Maksim Vaşye-Laqrav, polyak Radoslav Voytaşek, rumın Mirçea-Emilyan Pırliqras, macar Riçard Rapport və amerikalı Cefferi Syun liderlərdən yarım xal geri qalır.Beşinci tur üçün püşkatmanın nəticələrinə görə, turnirin liderləri öz aralarında görüşəcəklər.Men adasında keçirilən beynəlxalq şahmat turniri oktyabrın 28-də başa çatacaq. 165 oyunçunun iştirak etdiyi turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.Kişilər arasında birinci mükafatın məbləği 50 min funta, ikinci mükafat 25 min, üçüncü mükafat 12500, qadınlar arasında birinci mükafatın məbləği 7 min funta bərabərdir.Oyunlarda nəzarət vaxtı belə müəyyən edilib: ilk 40 gediş üçün 100 dəqiqə, sonrakı 20 gediş üçün 50 dəqiqə, daha sonra partiyanın sonuna qədər 15 dəqiqə və hər gediş üçün əlavə 80 saniyə.xeber100.com

Oktyabr 24, 2018 1:09

Bədii gimnastika üzrə növbəti yarış baş tutacaq

Noyabrın 2-dən 3-dək Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə növbəti yerli yarış baş tutacaq. Bu dəfə zərif gimnastlar öz güclərini Bakı çempionu adı uğrunda mübarizədə sınayacaqlar.Azərtac xəbər verir ki, sayca 25-ci olan çempionatda Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı, AyUlduz Klubu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Sərhədçi” Olimpiya İdman Mərkəzi və Zabrat İdman Klubunun yetirmələri iştirak edəcəklər.İki gün davam edəcək turnirdə 100-dək gimnastın çıxış edəcəyi gözlənilir. Yarışların ilk günü məhz balaca gimnastların çıxışları ilə əlamətdar olacaq. Belə ki, azyaşlı gimnastlar alətsiz, ip, halqa ilə öz proqramlarını təqdim edəcəklər və günün sonunda onlar fərdi çoxnövçülükdə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.Növbəti yarış gününə isə yeniyetmələr start verəcəklər. Onlar da hakimlər qarşısına alətsiz, ip və halqa ilə çıxaraq, yüksək xal almaq üçün çalışacaqlar. Gənclər və böyüklər yaş kateqoriyasına bölünmüş gimnastlar isə halqa, top, gürzlər və lent ilə proqramlarını icra edəcəklər. Beləliklə, turnirin sonunda bütün alətlər üzrə yekun xal əsasında fərdi çoxnövçülükdə fərqlənmiş gimnastlar fəxri kürsüyə yüksələcəklər.xeber100.com

Oktyabr 24, 2018 1:00