FIFA “The Best” mükafatının qaliblərini açıqlayacaq

Bu gün FIFA Londonda “The Best” mükafatının qaliblərini açıqlayacaq.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq tədbirdə 2018-ci ilin ən yaxşı futbolçusu və baş məşqçisi elan olunacaq. Mərasimə FIFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri, eləcə də 6 konfederasiyanın üzvləri dəvət alıb.Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov FIFA-nın 2018-ci il dünya çempionatının yekunlarına həsr edilən konfransına və “The Best” adlı mükafatlandırma mərasiminə qatılmaqdan imtina edib. 46 yaşlı mütəxəssis səbəb kimi sentyabrın 23-də “Qəbələ” ilə Azərbaycan Premyer Liqasında vacib oyunlarının olmasını göstərib. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktoru Bernhard Lippert iştirak edəcəklər.FIFA-nın fərqli nominasiyalar üzrə təsis etdiyi “The Best” mükafatında 2018-ci ilin ən yaxşı futbolçusu adına xorvatiyalı Luka Modriç (“Real Madrid”), misirli Məhəmməd Salah (“Liverpul”) və portuqaliyalı Kriştianu Ronaldu (“Real Madrid” - “Yuventus”) namizəddir. Ən yaxşı baş məşqçi isə Didye Deşam (Fransa millisi), Zinəddin Zidan (“Real Madrid”in sabiq baş məşqçisi) və ya Zlatko Daliçdən (Xorvatiya millisi) biri seçiləcək.Tədbirdə ən yaxşı qadın baş məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa, FIFA-nın “Fair Play” mükafatı təqdim ediləcək. Həmçinin FIFA “FIFPro World 11” versiyasına əsasən ilin simvolik komandası açıqlanacaq.Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcə də jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Bu dəfə son 12 ildə ilk dəfə olaraq Argentina millisinin və İspaniyanın “Barselona” komandasının hücumçusu Lionel Messi ən yaxşı futbolçu nominasiyası üçün yekun siyahıda yer almayıb.xeber100.com

Sentyabr 24, 2018 12:46

Dünya Həndbol Federasiyasının məlumatı

Ölkənizdə yaxşı oyunçuları görməkdən çox şadam. Bu həndbolçuların Avropa və dünya səviyyəli yarışlarda iştirak etmək potensialları var.Bunu Azərtac-a məxsusi müsahibəsində Dünya Həndbol Federasiyasının prezidenti Həsən Mustafa deyib.Həsən Mustafa qeyd edib ki, onlara çox yaxşı məşqlərlə yanaşı, məşqçilər və güclü komandalarla oyun təcrübəsi lazımdır. Buna görə də yaxın ölkələrlə əlaqələr qurulmalıdır: “Biz Azərbaycan Həndbol Federasiyası ilə görüşlər keçirdik. İstəyimiz Azərbaycan həndboluna dəstək verməkdir. Çünki Azərbaycan o ölkələrdəndir ki, çoxsaylı idman yarışları və tədbirlər keçirir. Ölkə başçısının idmana yüksək diqqət və qayğısından da xəbərimiz var”.“Yerli federasiya ilə birlikdə Azərbaycan həndbolunu inkişaf etdirə bilərik. Mən buradakı oyunçuların, məşqçilərin, hakimlərin səviyyəsini görməkdən çox şadam. Axırıncı il demək olar ki, həndbolun böyük inkişafı və təbliği ili olmuşdur. Bu, o deməkdir ki, federasiya bu idmanı Azərbaycanda inkişaf və təbliğ etmək üçün böyük işlər görür. Mən buna görə, federasiya üzvlərinə təşəkkür etmək istəyirəm. Həndbolun məktəblərdə keçirilməsi çox vacibdir. Dünya Həndbol Federasiyasında bu məsələ ilə bağlı mühüm layihə var. Biz beynəlxalq federasiya olaraq sizə kömək göstərməyə hazırıq”, - deyə Dünya Həndbol Federasiyasının prezidenti bildirib.Qeyd edək ki, Azərbaycan Həndbol Federasiyasının qonağı olan Dünya Həndbol Federasiyasının prezidenti Həsən Mustafa sentyabrın 20-də Bakıda “Azərsu” və “Azəryol” arasındakı dostluq oyununu izləyib.xeber100.com

Sentyabr 21, 2018 11:38