UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Sentyabrın 19-da UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.Azərtac xəbər verir ki, G qrupunda yer alan UEFA Çempionlar Liqasının son qalibi "Real Madrid" klubu doğma meydanda İtaliyanın "Roma" komandasını qəbul edib. İlk dəqiqələrdən üstün oyun nümayiş etdirən Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyununu əks hücumlar üzərində quran "Roma" klubu qarşılaşmanın 25-ci dəqiqəsində hesabı açmağa yaxın olub. Cengiz Ünderin vurduğu zərbə qapıdan yan keçib. Matçın 45-ci dəqiqəsində oyunun hollandiyalı baş hakimi Bjorn Kupers cərimə meydançası yaxınlığında İskoya qarşı qayda pozuntusunu qeydə alıb. Cərimə zərbəsini zərər çəkmiş özü yerinə yetirib və qola imza atıb - 1:0. "Kral" klubu fasiləyə minimal hesablı üstünlüklə yollanıb.Oyunun 58-ci dəqiqəsində Luko Modriçin ötürməsindən sonra komandanın əsas qol silahı sayılan Qaret Beyl qapıçı ilə təkbətək qalaraq dəqiq zərbə ilə hesab arasındaki fərqi artırıb - 2:0. Qarşılaşmada son nöqtəni maçın 90-cı dəqiqəsində, oyuna ikinci hissədə daxil olan Mariano Diaz qoyub. O, uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi üç topa çatdırıb. Beləliklə, görüş "Real Madrid" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.Qrupun digər qarşılaşmasında Rusiya təmsilçisi MOİK səfərdə Çexiyanın "Viktoriya Plzen" klubunun qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb.H qrupunda yer alan İspaniyanın "Valensiya" klubu İtaliyanın "Yuventus" komandasını qəbul edib. Görüşün 29-cu dəqiqəsində rəqibin üzünə bilərəkdən zərbə endirən turinlilərin yeni transferi Kristiano Ronaldo birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, oyunda hesabı meydanda 10 nəfərlə qalan "qoca sinyora" açıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Mirəlim Pyaniç dəqiq zərbə ilə tamamlayıb. Fasilədən sonra hakim oyunda ikinci dəfə meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. M.Pyaniç yenidən dəqiq zərbə ilə dublunu rəsimləşdirib. Görüş "Yuventus" klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qrupun digər qarşılaşmasında "Mançester Yunayted" səfərdə "Yanq Boyz" klubunun qapısından üç cavabsız top keçirib.E qrupunun favoriti sayılan Almaniyanın "Bavariya" klubu səfərdə Portuqaliyanın "Benfika" komandasının qonağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından qolları oyunun 10-cu dəqiqəsində Robert Levandovskiy və 54-cü dəqiqədə Renato Sançes keçirib.Qrupun digər oyununda "Ayaks" doğma meydanda AEK-i böyük hesabla məğlub edib (3:0).Birinci turun gözlənilməz hesabı İngiltərədə qeydə alınıb. "Enfild" stadionunda keçirilən oyunda meydan sahibi "Mançester Siti" Fransanın "Lion" klubunu qəbul edib. Görüş qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb."Şaxtyor" - "Hoffenhaym" oyununda isə 2:2 hesablı heç-heçə qeydə alınıb.xeber100.com

Sentyabr 20, 2018 1:22

UEFA Çempionlar Liqasının birinci turunda…

Sentyabrın 19-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda növbəti səkkiz oyun keçiriləcək.Azərtac xəbər verir ki, “E” qrupunda yer alan Almaniyanın “Bavariya” klubu səfərdə Portuqaliyanın “Benfika” komandasının qonağı olacaq. Qrupun digər qarşılaşması Hollandiyada oynanılacaq. “Ayaks” Yunanıstanın AEK klubunu qəbul edəcək.“F” qrupunda qərarlaşan “Mançester Siti” (İngiltərə) Fransanın “Lion” klubunu qəbul edəcək. “Hoffenhaym” (Almaniya) isə səfərdə Ukraynanın “Şaxtyor” klubunun qonağı olacaq.“G” qrupunda maraqla gözlənilən oyun İspaniyada baş tutacaq. “Santiaqo Bernabeo” stadionunda meydan sahibi son UEFA Çempionlar Liqasının qalibi “Real Madrid” İtaliyanın “Roma” klubunu sınağa çəkəcək. Bu klublar bu vaxtadək UEFA Çempionlar Liqasında on dəfə qarşılaşıblar. Altı oyunda Madrid təmsilçiləri, üç oyun isə romalılar üstün olublar. 2001-ci ildə keçirilən oyun isə heç-heçə başa çatıb.“Viktoriya” (Plzen, Çexiya) – MOİK (Rusiya) oyunu ilə “G” qrupunda birinci tura yekun vurulacaq.Sonuncu - “H” qrupunda yer alan İtaliyanın “Yuventus” klubu ilk dəfə olaraq yeni transferi Kriştianu Ronaldu ilə bu turnirdə meydana çıxacaq. Rəqib isə İspaniyanın “Valensiya” klubudur. Qrupun digər favoriti sayılan İngiltərənin “Mançester Yunayted” klubu səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə münasibətlərə aydınlıq gətirəcək.Qeyd edək ki, “Ayaks” – AEK və “Şaxtyor” - “Hoffenhaym” oyunu Bakı vaxtı ilə saat 20:55-də başlayacaq. Digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.xeber100.com

Sentyabr 19, 2018 11:22

UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümünə start verilir

Sentyabrın 18-dən etibarən UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümünə start verilir.Azərtac xəbər verir ki, dünyanın ən mötəbər klub turniri sayılan UEFA Çempionlar Liqasının C qrupunda yer alan “Liverpul” və PSG klubları üz-üzə gələcəklər. Futbolsevərlər bu iki klub arasında baş tutacaq görüşü Məhəmməd Salah və Neymar qarşılaşması kimi qiymətləndirirlər.M.Salah və Neymar ilk dəfə 2015-ci ildə “Roma” və “Barselona” oyununda üz-üzə gəliblər. Həmin görüş 1:1 hesabı ilə başa çatıb, görüşdə heç bir oyunçu fərqlənməyib.“Liverpul” və PSG UEFA Çempionlar Liqasında heç vaxt qarşılaşmayıblar. Görüş “Enfild” stadionunda keçiriləcək. C qrupunun digər qarşılaşmasında “Crevena Zvezda” Serbiyada “Napoli” klubunu qəbul edəcək.UEFA Çempionlar Liqasının birinci turunun ilk oyun günündə altı qarşılaşma baş tutacaq.A qrupunda yer alan “Brügge” (Belçika) “Borussiya” (Dortmund, Almaniya) klubunu qəbul edəcək. Qrupun favoritləri sayılan “Atletiko Madrid” (İspaniya) səfərdə “Monako” (Fransa) klubunun qonağı olacaq.B qrupunda maraqla gözlənilən oyun İtaliyada baş tutacaq. “San-Siro” stadionunda meydan sahibi “İnter” İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu klublar bu vaxta kimi UEFA Çempionlar Liqasında iki dəfə qarşılaşıblar. 2010/2011-ci ilə təsadüf edən görüşdə hər iki komanda UEFA Çempionlar Liqasının A qrupunda mübarizə aparıblar. İtaliyada keçirilən oyun 4:3 hesabı ilə “İnter”ın, İngiltərədə isə 3:1 hesabı ilə “Tottenhem”in qələbəsi ilə başa çatmışdı.Bu qrupun digər favoriti sayılan İspaniyanın “Barselona” klubu “Nou Kamp” stadionunda PSV (Hollandiya) klubunu qəbul edəcək.D qrupunda aşkar favorit yoxdur, hər dörd komanda eyni gücə malikdir. Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Qalatasaray” klubu “Türk Telekom” stadionunda Rusiya təmsilçisi “Lokomotiv”lə üz-üzə gələcək. “Şalke” (Almaniya) isə Portuqaliyanın “Portu” klubu ilə qarşılaşacaq.Qeyd edək ki, UEFA Çempionlar Liqasının B qrupunun oyunları Bakı vaxtı ilə 20:55-də, digər qrupların oyunları isə saat 23:00-da başlayacaq.xeber100.com

Sentyabr 18, 2018 12:46