“Qarabağ” klubu BATE komandası ilə üz-üzə gələcək

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” klubu doğma meydanda Bolqarıstanın BATE komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda veriləcək. Oyunu isveçli Andreas Ekberqin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Mehmet Kulum və Stefan Hallberq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Karlsson yerinə yetirəcək.Bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. BATE klubu Belarusun ən titulu klublarından biridir. Borisov təmsilçisi 14 dəfə ölkə çempionu olub. Aleksey Baqanın yetirmələri indiyədək 11 dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb. Klubun ən böyük nailiyyəti UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yüksəlməsidir (2010 və 2012-ci illərdə). Bu komanda UEFA-nın klub reytinqində 70-ci pillədə qərarlaşıb.Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesablı heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. İkinci təsnifat mərhələsində “Qarabağ” Albaniyanın “Kukesi” klubunu iki oyunun nəticəsinə görə ilə üstələyib (0:0, 3:0).Ağdamlılar altı dəfə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. Qurban Qurbanovun yetirmələrinin avrokuboklarda ən yaxşı göstəricisi 2017/2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaları olub.“Qarabağ”-BATE duelin qalibi pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının play-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.xeber100.com

Avqust 7, 2018 2:08

Çempionlar Liqasının III təsnifat mərhələsində

“Qarabağ” ilə şanslarımızı bərabər hesab edirəm. Bakıya müsbət nəticə üçün gəlmişik. “Qarabağ”ın yaxşı çıxış edən komanda olduğunu bilirik. Fikrimcə, çətin olacaq. Lakin istənilən halda hər şey özümüzdən asılıdır.Azərtac Belta.ru saytına istinadla xəbər verir ki, bunu Belarusun BATE klubunun futbolçusu Aleksandr Qleb “Qarabağ” komandası ilə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl deyib. 37 yaşlı yarımmüdafiəçi bildirib ki, bu cütün aşkar favoriti yoxdur. O, “Qarabağ” barədə elə də məlumatlı olmadıqlarını etiraf edib: “Rəqibimizin ötən mövsüm Çempionlar Liqasındakı çıxışlarına baxmışam və bəyənmişəm. Hərəkətli və döyüşkən komandadır. Hətta Avropanın top-komandaları da bu kollektivlə qarşılaşmalarda çətinliklə üzləşirdilər. Bu, çox şeydən xəbər verir. “Qarabağ”ı çox ciddi qəbul edirik”.A.Qleb BATE-nin əvvəlki səviyyədə olmadığı barədə fikirlərə də münasibət bildirib: “Bu sözləri istənilən rəqib barədə də demək olar. Futbolun səviyyəsi ildən-ilə artır. Hətta top-komandalar üçün də autsayderlərlə oynamaq çətinləşir. Bunu 2018-ci il dünya çempionatı da göstərdi. Ona görə də bütün bunlar yalnız söz-söhbətlərdir”.Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - BATE matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Aleksandr Qleb Belarus futbolunun canlı əfsanəsi sayılır. O, ən böyük uğuruna İspaniyanın “Barselona” klubunun heyətində 2008/2009-cu il mövsümündə Çempionlar Liqasını qazanmaqla imza atıb.xeber100.com

Avqust 7, 2018 1:53

Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində üçüncü yeri tutur.Azərtac xəbər verir ki, FIDE 2018-ci il avqustun 1-i üçün reytinq cədvəlini dərc edib.FIDE-nin rəsmi saytında bildirilir ki, 2018-ci il iyulun 1-i üçün reytinq cədvəlində 2801 xal ilə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov bu dəfə də həmin reytinq əmsalını və əvvəlki yerini qoruyub saxlayıb.Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yeri yenə Norveç nümayəndəsi, hazırkı dünya çempionu Maqnus Karlsen (2841), ikinci yeri iddiaçılar turnirinin qalibi, amerikalı Fabiano Karuana tutur (2821).Siyahıda sonrakı yerləri çinli Din Lijen (2796), amerikalı Uesli So (2780), hollandiyalı Aniş Giri və rusiyalı Vladimir Kramnik (hərəyə 2779 xal), fransız Maksim Vaşye-Laqrav (2778), amerikalı Hikaru Nakamura (2777) və rusiyalı Sergey Karyakin tutur (2772).Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov da öz əmsalını (2751) və sıra nömrəsini (17) saxlayır. Reytinq əmsalını 2711-ə çatdırmış Arkadi Naydiç 47-ci mövqedən 33-cü yerə qalxıb. Dünya üzrə ilk yüzlüyə Azərbaycan qrossmeysterləri Rauf Məmmədov (2708, 38-ci yer), Eltac Səfərli (2676, 65-ci yer) və Qədir Hüseynov da daxildir (2665, 77-ci yer).Qadın şahmatçılar arasında ilk onluğa aşağıdakılar daxildir: çinli Hou İfan (2657), onun həmyerlisi Tszyuy Ventszyun (2565), ukraynalı Anna Muzıçuk (2563), rusiyalılar Aleksandra Kostentyuk (2558), Yekaterina Laqno (2556), Aleksandra Qoryaçkina (2534), çinli Tan Çjunyi (2529), rusiyalı Valentina Qunina (2528), ukraynalı Mariya Muzıçuk (2527) və gürcüstanlı Nana Dzaqnidze (2519).Dünyanın ən yaxşı yüz qadın şahmatçısının siyahısına azərbaycanlı Günay Məmmədzadə də daxildir. Reytinq əmsalı 2426 olan Günay bu siyahıda 39-cu yeri tutur.xeber100.com

Avqust 3, 2018 2:39