Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena”da "Neftçi” – "Uypeşt” oyunu keçiriləcək.Azərtac xəbər verir ki, oyun öncəsi komandamızın baş məşqçisi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. "Dalğa Arena”da baş tutan tədbirdə əvvəlcə oyun haqqında fikirlərini bildirən italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb. O deyib: "Yeni mövsümün başlanması ilə əlaqədar çox xoşbəxtik. Şadıq ki, ilk matçı Azərbaycanda – azarkeşlərimizin qarşısında keçirəcəyik. Çünki birinci oyun həmişə çox vacibdir. Bilirik ki, rəqib güclü komandadır. Onlar yaxşı hazırlıq keçiblər. Biz də son bir ayı boş keçirməmişik, yaxşı hazırlaşmışıq. Futbolçular da ilk oyuna hazırdır. Ona görə, mövsümə çox yaxşı başlamaq istəyirik. Hazırda "Sevilya” haqda düşünmürük. Fikrimizi "Uypeşt”lə oyunlara yönəltmişik”.Sonra Ruslan Abışov fikirlərini açıqlayıb: "Müəyyən aradan sonra ilk oyuna çıxacağıq. Yeni baş məşqçimiz var, yeni oyunçular gəlib. Yaxşı hazırlıq keçmişik. Var gücümüzlə oynayacağıq. Rəqibimiz Macarıstanın ən köklü klublarından biridir. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu mərhələni adlayıb, "Sevilya” kimi məşhur komandaya qarşı oynamaq istəyər”.Mətbuat konfransından sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.xeber100.com

İyul 12, 2018 11:13

“Qarabağ” klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb

İyulun 11-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasına qələbə ilə başlayıb.Azərtac xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Lyublyana şəhərindəki “Stojice” stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşıb.“Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Miçel, Mahir Mədətov, Abdulla Zubir, Filip Ozobiç, Yakup Jezniçak, Bədavi Hüseynov, Vild-Donald Qerye və Coşqun Diniyev yer alıblar.“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Rok Kronaveter, Abas İssa, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Ştefan Saviç, Tomislav Tomiç və Daniel Avramovski çıxıblar.Belçikalı baş hakim Lavrence Visserin idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.İkinci hissəyə daha fəal başlayan Ağdam təmsilçisi istəyinə görüşün 79-cu dəqiqəsində çatıb. “Qarabağ”ın futbolçusu Vild-Donald Qerye hesabı açıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib.Beləliklə, matç “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində “Kukesi” (Albaniya)-“Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

İyul 12, 2018 11:07

XXI dünya çempionatının ikinci yarımfinal oyununda…

İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyununda Xorvatiya və İngiltərə milliləri qarşılaşıblar.Azərtac xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda keçirilən matçda qalib gələn Xorvatiya yığması tarixində ilk dəfə finalda oynamaq hüququ qazanıb.Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüşdə erkən qol qeydə alınıb. Matçın 5-ci dəqiqəsində Kieran Tripperin cərimə zərbəsindən birbaşa "doqquzluğa" göndərdiyi top ingilisləri hesabda irəli çıxarıb - 1:0. Qarşılıqlı hücumlara baxmayaraq, birinci hissədə əlavə qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.Matçın ikinci hissəsinin ortalarından etibarən hesabı bərabərləşdirmək üçün təzyiqləri artıran Balkan təmsilçilərinin ardıcıl təhlükəli hücumları 68-ci dəqiqədə bəhrəsini verib. Şime Vrsalkonun sağ cinahdan ötürməsindən sonra rəqibin cərimə meydançasında müdafiəçilərdən əvvəl özünü topa yetirən İvan Perişiçin zərbəsi qapıçı üçün əlçatmaz olub - 1:1.Bu qoldan daha da ruhlanan Xorvatiya yığması daha bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 72-ci dəqiqəsində Perişiçin dubl etməsi üçün əlverişli imkan yaransa da, onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.Artırılan ikinci hissənin 4-cü (109-cu) dəqiqəsində Xorvatiya yığması hesabda irəli çıxıb. İvan Perişiçin başla ingilislərin cərimə meydançasına ötürdüyü topa iki müdafiəçinin arasından keçərək zərbə endirən Mario Mandzukiç komandasına finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 2:1. Bu, oyunda sonuncu qol olub.Beləliklə, XXI dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edən Xorvatiya millisi tarixində ilk dəfə mundialın finalına yüksəlib. Xorvatiyalılar buna qədər mundiallarda ən böyük uğuru 1998-ci ildə əldə ediblər. Həmin dünya çempionatında Balkan təmsilçiləri yarımfinalda Fransa yığmasına uduzaraq (1:2) üçüncü yer uğrunda mübarizə aparmalı olmuşdu. Üçüncü yer uğrunda görüşdə Hollandiyanı 3:2 hesabı ilə məğlub edən Xorvatiyalılar bürünc medallara layiq görülmüşdülər.Mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.Beləliklə, iyulun 14-də dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə və Belçika yığmaları qarşılaşacaqlar.Çempionatın iyulun 15-də keçiriləcək həlledici oyununda - final görüşündə Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər.xeber100.com

İyul 12, 2018 11:03

XXI dünya çempionatının ikinci yarımfinal oyunu keçiriləcək

İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyunu keçiriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə İngiltərə və Xorvatiya yığma komandaları üz-üzə gələcəklər. Moskvadakı “Lujniki” stadionunda keçiriləcək matçın baş hakimi türkiyəli Cüneyt Çakır olacaq.“Dumanlı albion” təmsilçisi Belçika, Tunis və Panama ilə eyni qrupda mübarizə aparıb. İngilislər qrupda üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzublar. Komanda ilk turda Tunisi 2:1, ikinci turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. 1966-cı ildəki dünya çempionatının qalibləri sonuncu turda Belçikaya 0:1 hesabı ilə məğlub olublar. İngiltərə millisi səkkizdəbir finalda Kolumbiyanı 11 metrlik cərimə zərbələri seriyasında, İsveçi 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib. Aktivində 6 qol olan İngiltərə millisinin hücumçusu Harri Keyn çempionatın ən məhsuldar futbolçusudur.“D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiyaya (2:1) qalib gələn xorvatiyalılar 9 xalla qrupu ilk sırada başa vurublar. Xorvatiya yığması səkkizdəbir finalda Danimarkanı, dörddəbir finalda isə Rusiya yığmasını 11 metrlik cərimə zərbələri seriyasında məğlub edərək mübarizədən kənarlaşdırıb.Hər iki komanda dünya çempionatlarında ilk dəfə qarşılaşacaq. Xorvatiya millisi mundiallar tarixində ikinci dəfə yarımfinal matçına çıxacaq. Komanda ilk dəfə mundialda iştirak etdiyi 1998-ci ildə yarımfinalda Fransaya 1:2 hesabı ilə məğlub olub.İngiltərə yığması isə dünya çempionatları ərzində üçüncü dəfə yarımfinal matçına çıxacaq. Britaniyalılar çempion olduqları 1966-cı il dünya çempionatının yarımfinalında Portuqaliyanı 2:1 hesabı ilə məğlub ediblər. İngilislər 1990-cı ildə isə əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda 11 metrlik cərimə zərbələri seriyasında Almaniyaya uduzublar.İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.İngiltərə-Xorvatiya oyunu İdman Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.Qeyd edək ki, mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.Dünya çempionatında üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.xeber100.com

İyul 11, 2018 11:25

XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək

İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə Fransa və Belçika yığma komandaları üz-üzə gələcəklər. “Sankt Peterburq Arena”da keçiriləcək matçın baş hakimi uruqvaylı Andres Kunya olacaq.Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə 5 qat dünya çempionu Braziliyanı 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının səkkizdəbir final mərhələsində Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar.Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1958-ci və 1986-cı illərdə bu mərhələdə iştirak edib.1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatının bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.1998-ci il dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958-ci, 1982-ci və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998-ci və 2006-cı illərdə finala vəsiqə qazana bilib.1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb.Heyətindəki futbolçuların qiymətinə görə, çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanmaları olub.Belçika-Fransa oyunu İdman Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.Qeyd edək ki, mundialın digər yarımfinal oyunu iyulun 11-də Moskvadakı “Lujniki” stadionunda keçiriləcək. Həmin görüşdə İngiltərə və Xorvatiya milli komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.Xatırladaq ki, mundialda üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.xeber100.com

İyul 10, 2018 1:08