İspaniya Futbol Federasiyası axtarışları davam etdirir

İspaniya Futbol Federasiyası yığmanın baş məşqçi postuna axtarışları davam etdirir. İlk namizədlərdən biri “Barselona” klubunun və İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xavidir.Azərtac xəbər verir ki, buna səbəb isə İspaniya millisinin Rusiyada keçirilən dünya çempionatında səkkizdəbir final mərhələsində ev sahiblərinə məğlub olmasıdır.Daha öncə, məşqçi lisenziyasını alan 38 yaşlı ispaniyalı 2019-cu ilin yanvarından “Əl-Sədd”in sükanı arxasına keçəcəyi barədə xəbərlər yayılmışdı. Onunla yanaşı, federasiyanın siyahısına son olaraq Belçika millisinin çalışdırıcısı Roberto Martinesin adı əlavə olunub.Qeyd edək ki, Kike Sançes Flores, Luis Enrike, Miçel, Pako Xemes və Kike Setyenin də adı İspaniya millisi ilə birgə hallanır.Xatırladaq ki, futbol üzrə dünya çempionatının başlamasına bir gün qalmış İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. İyunun 12-də Xulen Lopeteqinin dünya çempionatından sonra “Real Madrid” komandasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bu xəbər İspaniya millisində birmənalı qarşılanmayıb.İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales X.Lopeteqinin dərhal istefasını tələb edib. Xilen Lopeteqinin istefaya göndərilməsindən sonra bu vəzifəyə yığmanın idman direktoru Fernando Hierro təyin olunub.xeber100.com

İyul 5, 2018 12:09

“Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə hazırlıq işləri aparılır

Türkmənistanda keçiriləcək “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə fəal hazırlıq işləri aparılır. Bu ölkənin Azərbaycandakı səfirliyindən Azərtac-a bildirilib ki, yarışlar sentyabrın 11-dən 15-dək Amul-Xəzər marşrutu üzrə keçiriləcək. Trasa SSV sinfinə məxsus minik, yük avtomobilləri və kvadrosikllər buraxılacaq.Ölkənin şərqindəki Amudərya sahillərindən qərbə - Xəzər dənizinə doğru uzanan yarış trasının ümumi uzunluğu 1158 kilometrdir. Marşrutun əsas hissəsinin Qaraqum səhrasında qumluq ərazidən keçdiyi nəzərə alınarsa, yarışların iştirakçılar üçün əsl sınaq olacağı bəllidir.Türkmənistan bu cür yarışları təşkil etmək təcrübəsinə malikdir: 2009-cu ildə Prezident Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə “İpək yolu” beynəlxalq avtorallisi keçirilib. Üç ölkənin ərazisi boyunca dünyanın 30 dövlətindən avtomobil idmanı ustasının iştirakı ilə keçirilmiş bu rallinin marşrutu 4500 kilometr olub. Bu məsafənin yarıdan çoxu Türkmənistan ərazisinin payına düşüb.“Amul-Xəzər 2018” beynəlxalq səviyyəli avtorallisinin təşkili idmanın bu növünün geniş təbliği və Türkmənistanın irimiqyaslı yarış və turnirlərin keçirilməsinə qadir olan ölkə kimi nüfuzunun artmasına kömək edəcək.Əcnəbi iştirakçılar və yarışları işıqlandıracaq jurnalistlər, habelə bu cür cəlbedici yarışların həvəskarı olan azarkeşlər Türkmənistanın zəngin təbiəti, mənzərəli guşələri, mədəni və tarixi irsi ilə tanış ola biləcəklər. Şübhəsiz ki, “Amul-Xəzər 2018” avtorallisi ölkənin çoxsaylı qonaqları üçün yaddaqalan və idmanın dünyada sülhün və dostluğun möhkəmlənməsində oynadığı rola daha bir töhfə olacaq.xeber100.com

İyul 5, 2018 12:03

“Qarabağ” futbol klubu yeni müqavilə imzalayıb

“Qarabağ” klubu Bolqarıstan yığmasının və Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Simeon Slavçev ilə müqavilə bağlayıb.Azərtac xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin keçidi klubun rəsmi saytında elan olunsa da, müqavilənin detalları hələlik açıqlanmayıb.Qeyd edək ki, 2014-cü ildən “Sportinq”də çıxış edən Simeon Slavçev icarə əsasında İngiltərənin “Bolton”, Kiprin “Apollon” və Polşanın “Lexiya” klublarının formasını geyib.Xatırladaq ki, bir neçə gün əvvəl “Qarabağ” fransalı yarımmüdafiəçi Abdullah Zubiri heyətinə qatıb. Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Fransanın “Lans” klubunda çıxış edən A.Zubir 70 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.Ağdam klubu İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorsson ilə də ikiillik müqavilə bağlayıb. Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib.Hannes Tur Halldorsson karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra KR (İslandiya), “Brann” (Norveç), “Sandnes” (Norveç), NEK (Hollandiya), “Bodo/Qlimt” (Norveç) klublarında forma geyib. O, son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu komandada 69 matçda meydana çıxıb.İslandiyalı qapıçı 2012-ci ildə milli komandanın heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. O, 2016-cı ildə Avropa çempionatının final mərhələsində İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.Halldorsson dünya çempionatının seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandasının heyətində mundiala vəsiqə qazanıb. Qapıçı dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və Argentina ilə matçda Lionel Messinin vurduğu 11 metrlik cərimə zərbəsini dəf edib.xeber100.com

İyul 5, 2018 11:58

XXI dünya çempionatının final mərhələsinin sonuncu oyununda

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu oyununda İngiltərə və Kolumbiya milliləri qarşılaşıblar.Azərtac xəbər verir ki, Moskvadakı “Spartak” stadionunda keçirilən matçda 11 metrlik cərimə zərbələri seriyasında qalib gələn İngiltərə millisi dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində qapılara top vurulmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.Matçın ikinci hissəsində “dumanlı albion” təmsilçiləri hesabı açıblar. Görüşün 57-ci dəqiqəsində Kolumbiya millisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Harri Keyn mundialda altıncı qoluna imza atıb – 1:0.Lakin İngiltərə millisi bu üstünlüyü oyunun sonunadək qoruyub saxlaya bilməyib. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində (90+3) Yerri Mina hesabı bərabərləşdirib – 1:1.Görüşün əsas vaxtı heç-heçə başa çatdığından qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki əlavə hissədə də hesab açılmayıb. On bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən (4:3) İngiltərə yığması dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.İngilislər dörddəbir finalda İsveç yığması ilə qarşılaşacaqlar. Yarımfinala vəsiqə uğrunda digər oyunlarda Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq.Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay isə Portuqaliya yığmasından üstün olub (2:1). Bu mərhələnin ən gözlənilməz nəticəsi ev sahibi Rusiyanın İspaniya millisini mübarizədən kənarlaşdırması olub. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələrdə hesab bərabər olduğundan (1:1) qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını ruslar daha dəqiq yerinə yetiriblər - 4:3. Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşmədiyindən (1:1) Balkan təmsilçiləri 11 metrlik cərimə zərbələri seriyasını dəqiq yerinə yetirərək (3:2) dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. Braziliya yığması Meksika millisinə (2:0), Belçika isə Yaponiyaya (3:2) qalib gələrək dörddəbir finala yüksəliblər.Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.xeber100.com

İyul 4, 2018 11:07

“Qəbələ” növbəti transferini gerçəkləşdirib

2018/2019-cu il mövsümünün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. “Qırmızı-qaralar” toqolu futbolçu Lalavele Atakoranı heyətinə qatıb.Azərtac kluba istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.On doqquz yaşından Avropada legioner həyatı yaşayan Atakora 2009-cu ildə Norveçin “Fredrikstad” klubuna keçib. 2009-2010-cu illərdə bu klubda çıxış edən yarımmüdafiəçi İsveçdə “Varnamo” (2010), AİK (2011-14) və “Helsinqborq”un (2015-2016) formasını geyinib. O, AİK-in heyətində UEFA Avropa Liqasında 9 oyun keçirib. 2013/2014-cü il mövsümündə Türkiyədə “Balıkəsirspor”un formasını geyinən Lalavelenin son komandası da qonşu ölkədə olub. Atakora ötən mövsüm “Adana Dəmirspor”un heyətində ümumilikdə 33 qarşılaşmada 3 qol vurub. Milli komanda ilə 2007-ci ildə Toqoda keçirilən 17 yaşadək futbolçular arasında Afrika çempionatında iştirak edən Atakora turnirin gümüş mükafatını qazanıb, həmçinin ən yaxşı futbolçusu seçilib. O, Toqo yığmasının heyətində həmin il təşkil olunan yeniyetmələrin dünya çempionatına da qatılıb. 2008-ci ildə Toqonun ən yaxşı gənc futbolçusu adına yiyələnən yarımmüdafiəçi 2011-ci ildə ölkəsinin əsas milli komandasında debüt edib. Lalavele bu komandada 13 oyunda 1 qol vurub.Xatırladaq ki, “Qəbələ” bunadək albaniyalı müdafiəçi Sabien Lilay və nigeriyalı hücumçu Ceyms Adeniyi ilə müqavilə bağlayıb.xeber100.com

İyul 4, 2018 10:37