Beynəlxalq Velosipedçilər İttifaqının Mərakeş Turunda

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Mərakeş Turunda çıxış edir. 10 günlük yarışın 4-cü mərhələsi komandamızın uğurlu nəticəsi ilə yadda qalıb.Azərtac xəbər verir ki, yarışın ən ağır dağ mərhələsi hesab edilən 193 kilometrlik 4-cü günündə Azərbaycanın elit yığma komandasının üzvü Samir Cəbrayılov dağ finişlərində hamıdan yaxşı çıxış edib. Bununla da velosipedçimiz Mərakeş Turunun ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan xüsusi köynəyi ələ keçirib və 5-ci mərhələyə bu köynəklə başlayacaq.Dördüncü mərhələ, həmçinin Azərbaycanın elit yığmasının digər üzvü Kiril Pozdnyakovun 193 kilometrlik məsafəni 3-cü sırada tamamlaması ilə yadda qalıb. Finişi 4 nəfərlik qrupda başa vuran təmsilçimiz 4 saat, 39 dəqiqə, 59 saniyə nəticə göstərib və yalnız fotofinişə əsasən üçüncü olub. Bununla da K.Pozdnyakov ümumi təsnifatda 13 pillə irəliləməklə 3-cü yerə yüksəlib və hazırda yarış liderindən 34 saniyə geri qalır.Veloturun 5-ci mərhələsində iştirakçılar 142,8 kilometr məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” bu yarışda Samir Cəbrayılov, Elçin Əsədov, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Ənvər Asanov və Elgün Əlizadə ilə təmsil olunur.xeber100.com  

Aprel 10, 2018 2:03

Triatlon Federasiyasının qərargahında

Azərbaycan Triatlon Federasiyasının (ATF) qərargahında təşkilatın İcraiyyə Komitəsinin cari ildə ikinci iclası olub. İclasda yığma komandanın ilk qazandığı nəticələr, gənclərdən ibarət komandanın işində irəliləyiş, respublikada triatlonun inkişafı, habelə bu mövsüm üçün planlar müzakirə edilib.Azərtac xəbər verir ki, federasiyanın prezidenti Azər Məhərrəmov cari ilin komandamız üçün uğurlu başladığını deyib. Bildirib ki, cari ildə idmançılarımızın aktivində üç gümüş medal var. Yığma komandanın lideri Rostislav Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunda, həm də Misirin Şarm Əl-Şeyx şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında fərqlənib. Kseniya Levkovskaya Misirdə gümüş medal əldə edib.Qeyd edilib ki, bu ildən başlayaraq triatlon komandamız Olimpiya marafonuna qatılacaq. İdmançılarımız “Tokio-2020” Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərdə iştirak edəcəklər. Yay Olimpiya Oyunlarından əvvəlki 2 il ərzində triatlonçular dünya və Avropa çempionatları, dünya kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.A.Məhərrəmov deyib: “Azərbaycanın triatlon idmanı ilk dəfə Rio Olimpiadasında təmsil olunub. Bu nailiyyətə görə biz hamımız fəxr edirik. Bu, gələcəkdə daha yaxşı nəticələrə ümid etməyə əsas verir. Rostislav Pevtsov Rioya lisenziya alıb və orada debüt edib. Təbii ki, yeni dövrədə başqa idmançılarla yanaşı, ona da böyük ümid bağlayırıq. Kseniya Levkovskaya və Darina Moskalenko da Olimpiya vəsiqələr uğrunda mübarizə aparacaqlar”.xeber100.com

Aprel 9, 2018 2:14