Azərbaycan Boks Federasiyası: Millətlər kuboku davam edir

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku davam edir. Yarışın beşinci günündə final döyüşlərinə start verilib. Azərbaycan Boks Federasiyasından bildirilib ki, həlledici görüşlərdə ilk olaraq Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb. Yeniyetmə boksçuların mübarizəsində yarımfinalda macarıstanlı Patrisiya Petrimanı məğlub edən Banuçiçək Nəsirli (46 kq) növbəti görüşündə onun həmyerlisi Roksana Talpasla üz-üzə gəlib. Finalda rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edən təmsilçimiz qızıl medala yiyələnib. Nəsirlinin uğurunu Emili Rzayeva da təkrarlayıb. Gənclərin yarışında 66 kq çəkidə rinqə çıxan Avropa çempionu serbiyalı Anastasiya Boskoviçdən güclü olub. O, 4:1 (30:27, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qələbə qazanaraq qızıl medala layiq görülüb. Nəticədə milli komandamızın qazandığı mükafatların sayı 8-ə çatıb. Nəsirli ilə Rzayevadan öncə məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) bürünc medala sahib olublar. Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər Kubokunun sonuncu günündə daha 3 boksçumuz final qarşılaşmasına çıxacaq. Gənclərdə Lalə Mədətova (48 kq) rumıniyalı Mihaela Badesku ilə, Aynur Mikayılova (52 kq) serbiyalı Draqana Yovanoviçlə, böyüklərdə Şəhla Allahverdiyeva ingiltərəli Dion Burmanla üz-üzə gələcək.xeber100.com

Yanvar 22, 2023 2:55

Boksçular arasında Millətlər kuboku yarışı davam edir

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışı davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandasının 4 idmançısı rinqə çıxıb. Azərbaycan Boks Federasiyası xəbər verir ki, dörddəbir finalda macarıstanlı Laura Horvatı məğlub edən Aynur Mikayılova (52 kq) yarımfinalda rumıniyalı Karmen Kokosu sınağa çəkib. Gənc boksçular arasında baş tutan döyüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, yanvarın 22-də keçiriləcək finalda Draqana Yovanoviçlə üz-üzə gələcək. Böyüklərin mübarizəsində Günel Rəhimova da mərhələ adlayıb. Turnirdə 48 kiloqram çəki dərəcəsində gücünü sınayan boksçu dörddəbir finalda əlcəzairli Fatiha Mansuri ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən G.Rəhimova finala gedən yolda Nikola Durikova (Slovakiya) ilə münasibətinə aydınlıq gətirəcək. Digər boksçularımızdan Anaxanım İsmayılova (50 kq) yarımfinalda Petra Mezeiyə (Macarıstan) məğlub olaraq, üçüncü yeri tutub. Məhsəti Həmzəyeva (57 kq) isə dörddəbir finalda Lakramioara Periyoça (Rumıniya) ilə qarşılaşıb və rəqib mərhələ adlayıb. Yarışın üçüncü günündə millimizin 2 üzvü döyüşə çıxacaq. Qeyd edək ki, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kuboku yarışının ilk günündə gənc boksçular arasında mübarizə aparan Nərmin Əlizadə (50 kq) və Aysu İsmayılova (48 kq) bürünc medala sahib olublar.xeber100.com

Yanvar 19, 2023 3:05