Azərbaycan çempionatlarında 2022/2023-cü il mövsümünün açılış mərasimi olub

Dekabrın 15-də voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2022/2023-cü il mövsümünün açılış mərasimi olub. Voleybol Mərkəzində təşkil edilən tədbirə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Heydər Əliyev adına Hərbi İnstitutun rektor müavini, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, birinci vitse-prezident Faiq Qarayev və digər rəsmi qonaqlar qatılıblar. AVF rəhbəri komandalara uğurlar arzuladıqdan sonra bildirib ki, Azərbaycan voleybolçuları həmişə Avropada və dünyada öz sözlərini deyiblər: “Bu idman növü ölkəmizdə çox sevilib və bu gün də sevilir”. O, voleybolun ölkəmizdə daha da kütləviləşəcəyinə, həmçinin yeni inkişaf yoluna qədəm qoyacağına və yenidən beynəlxalq arenalarda yığmalarımızın öz sözünü deyəcəklərinə inam ifadə edib. C.Qurbanov vurğulayıb ki, Azərbaycan voleybolu əvvəlki səviyyəsini tezliklə bərpa edəcək. Ardınca Ç.Hüseynzadə MOK adından voleybol bayramının başlaması münasibətilə hamını təbrik edib, iştirakçılara uğurlar arzulayıb: “Əminəm ki, Azərbaycan voleybolu çox qısa vaxtda öz əvvəlki nüfuzuna qayıdacaq". N.Mövlanov isə Azərbaycan xalqının, qalib ordumuzun hər şeyə nail ola biləcəyini deyib. O, çempionluq uğrunda əzmkar mübarizənin gedəcəyinə inandığını söyləyib. Ardınca Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət Himni səslənib. Ötən illərdən fərqli olaraq, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi”, “Murov” və mədəniyyət paytaxtı Şuşanı təmsil edəcək “Xarıbülbül” qüvvəsini sınayacaq. Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. Dekabrda, həmçinin qadın və kişi voleybolçular arasında I liqa yarışlarına start veriləcək.xeber100.com

Dekabr 15, 2022 10:41

Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə…

Fransanın Orlean şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri yarışı keçirilib.Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib ki, turnirin reytinq favoritlərindən sayılan Anna Başta mübarizəyə əsas mərhələdən başlayıb. İlk görüşündə Qazaxıstan təmsilçisi Tatyana Prixodkoya 15:11 hesabı ilə qalib gələn Anna növbəti görüşündə fransalı rəqibi Faustin Klapieri 15:12 hesabı ilə məğlub edib. Qılıncoynadanımız ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Fransa sablyaçısı Anne Poupinetdən üstün olub-15:9. Başta yarımfinal uğrunda keçirilən görüşdə İtaliya qılıncoynadanı Çiara Mormileyə 10:15 hesabı ilə uduzaraq yekun sıralamada turnir cədvəlinin 5-ci sırasında yer alıb.Digər sablyaçılarımızdan Valeriya Bolşakova və Palina Kaspiaroviç də təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksəlməyi bacarıb.Valeriya 16-lığa kimi irəliləməyi bacarıb. Bolşakova ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşlərdə yapon və çinli rəqiblərinə qalib gəlsə də, 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Emura Misakiyə (Yaponiya) 7:15 hesabı ilə uduzub. Misaki final mərhələsinin ilk görüşündə digər təmsilçimiz Palina Kaspioroviçə 15:12 hesabı ilə qalib gəlib.Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova isə mübarizəni təsnifat mərhələsində dayandırıb. Səbinə qrup səddini uğurla adlasa da, ilk pley-off görüşündə məğlub olub. Sevil Bünyatova və Zərifə Hüseynova isə təsnifat mərhələsinin pley-offuna yüksələ bilməyib.xeber100.com

Dekabr 13, 2022 9:49