“Qəbələ”-“Panatinaikos” oyununun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb

“Qəbələ” klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Yunanıstanın “Panatinaikos” komandası ilə “Bakcell Arena”da qarşılaşıb.Azərtac xəbər verir ki, İngiltərədən olan hakimlər briqadasının idarə etdiyi “Qəbələ”-“Panatinaikos” oyununun ilk hissəsi hər iki komandanın cəhdlərinə baxmayaraq, 0:0 hesabı ilə başa çatıb. Birinci hissənin 18-ci dəqiqəsində “Qəbələ”nin heyətində İlqar Qurbanovun təhlükəli cərimə zərbəsini rəqib qapıçı dəf edib. Görüşün 43-cü dəqiqəsində komandamızın heyətində Deyvi Bultyuz, iki dəqiqə sonra isə Dion Malone real qol imkanları əldə etsələr də bundan yararlana bilməyiblər.İkinci hissədə daha fəal başlayan “Qəbələ” klubu “Panatinaikos” ilə oyunda hesabı açıb. Topu 53-cü dəqiqədə komandamızın üzvü Steven Jozef-Monrozun ötürməsindən sonra Yunanıstan təmsilçisinin futbolçusu Rodriqo Moledo öz qapısından keçirib - 1:0. Bundan 10 dəqiqə sonra oyunda hesab bərabərləşib. Yunanıstan komandasının heyətində yarımmüdafiəçi Robin Lod fərqlənib - 1:1. Altmış altıncı dəqiqədə “Panatinaikos” “Qəbələ” ilə oyunda hesabda irəli çıxıb - Yunanıstan klubunda sonradan meydana çıxan Braian Kabazes hesabı artırıb-1:2. Görüş bu hesabla başa çatıb.Komandalar arasında bir həftə əvvəl Afinada təşkil olunmuş ilk matç 1:0 hesabı ilə rəqibin xeyrinə yekunlaşdığından Yunanıstan təmsilçisi iki oyunun nəticəsinə görə “Qəbələ” klubundan 3:1 hesabı ilə üstün olaraq, Avroliqanın pley-off mərhələsinə yüksəlib. Beləliklə, “Qəbələ” klubu Avrokuboklarda mübarizəni dayandırıb.Xatırladaq ki, Azərbaycan çempionatının gümüş mükafatçısı ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.xeber100.com

Avqust 4, 2017 12:04

“Qarabağ” komandası “Şerif” klubuna 2:1 hesabı ilə qalib gəlib

Avqustun 1-də Ağdamın “Qarabağ” komandası səfər oyununda Moldovanın “Şerif” klubuna 2:1 hesabı ilə qalib gələrək Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının ”play-off” mərhələsinə vəsiqə qazanıb.Azərtac xəbər verir ki, oyuna fəal başlayan Moldova komandası bir neçə real qol imkanı yaratsa da, bundan yararlana bilməyib. Müdafiədə dəqiq oynayan “Qarabağ” qapısını toxunulmaz saxlayıb və tədricən təhlükəli əks-hücumlar təşkil edib. Matçın 39-cu dəqiqəsində Qara Qarayevin cərimə zərbəsi qapıdan bir qədər aralı keçib. Bundan dörd dəqiqə sonra Donald Qeryenin güclü zərbəsini rəqib komandanın qapıçısı çətinliklə dəf edib. Nəhayət, birinci hissəyə əlavə edilmiş dəqiqələrdə komandamızın hücumçusu Dino Ndlovu hesabı açıb.Oyunun 86-cı dəqiqəsində “Qarabağ” klubu hesab arasındakı fərqi artırıb. Rəqib komandanın qapısından ikinci topu Ansi Aqolinin gözəl ötürməsindən sonra yarımmüdafiəçi Miçel keçirib. “Şerif” təsəlli qolunu oyuna əlavə edilmiş dəqiqələrdə 11 metrlik cərimə zərbəsi ilə vurub. Oyun komandamızın xeyrinə başa çatıb və bu nəticə “Qarabağ”ın növbəti mərhələyə adlaması üçün kifayət edib (0:0;2:1).Bundan əvvəl üç dəfə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksələn Qurban Qurbanovun yetirmələri növbəti cəhddə uğur qazanaraq Azərbaycan futbol həvəskarlarına böyük sevinc yaşadıb.Xatırladaq ki, turnirə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu Gürcüstanın "Samtredia" komandasını mübarizədən kənarlaşdırmışdı (5:0;1:0).xeber100.com

Avqust 2, 2017 10:56