Topaz Premyer Liqasının XXIV turuna yekun vurulub

Aprelin 2-də “Qarabağ”-“Kəpəz” və “Qəbələ”-“Zirə” qarşılaşmaları ilə Topaz Premyer Liqasının XXIV turuna yekun vurulub.Azərtac xəbər verir ki, çempionatın lideri “Qarabağ” komandası 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ” komandası isə “Zirə”nin müqavimətini qıra bilməyib – 1:1.Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ağdamlılar matçın 26-cı dəqiqəsində hesabda geri düşüblər. Kərim Diniyev “Kəpəz”i hesabda irəli çıxarıb – 0:1. Lakin ilk hissənin sonunda – oyunun 41-ci dəqiqəsində “Qarabağ” hesabı bərabərləşdirib – 1:1. Dino Ndlovu adını tabloya yazdırıb.İlk hissə bu hesabla başa çatıb.Fasilədən dərhal sonra ağdamlılar oyunun taleyini həll edən qolu rəqibin qapısından keçiriblər. Markos Madera 47-ci dəqiqədə “Qarabağ”a qələbə qazandıran qolun müəllifi olub.Qəbələ şəhər stadionunda keçirilən görüşdə isə meydan sahibləri matçın 8-ci dəqiqəsində Sergey Zenyovun qolu ilə hesabı açıblar – 1:0. Lakin “Qəbələ” komandası hesabı qoruyub saxlaya bilməyib. Matçın 61-ci dəqiqəsində Sezar Meza Kolli gözəl zərbə ilə hesabı bərabərləşdirib – 1:1. Oyun bu hesabla da başa çatıb və “Qəbələ” çempionluq uğrunda mübarizədə ciddi xal itkisi ilə üzləşib.Beləliklə, XXIV turdan sonra “Qarabağ” komandası turnir cədvəlində liderliyin daha da möhkəmləndirib. Qurban Qurbanovun yetirmələrinin aktivində 52 xal var. “Qəbələ” 48 xalla ikinci, “İnter” isə 42 xalla üçüncü pillədə qərarlaşıb. “Zirə” 31 xalla dördüncü, “Sumqayıt” (28 xal) beşinci, “Neftçi” (26 xal) isə altıncı sıradadır. Yeddinci yerdəki “Kəpəz”in 24 xalı var. AZAL komandası isə 10 xalla sonuncu pillədədir.Topaz Premyer Liqasının XXV turunun görüşləri aprelin 9-da və 10-da keçiriləcək.xeber100.com

Aprel 3, 2017 11:33

Güləş üzrə U-23 Avropa çempionatı başa çatıb

Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, güləşçilərimiz çempionatda ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar.Çempionatın ilk iki günündə sərbəst güləşçilər yarışıblar. Yığmamızın üzvləri 2 qızıl və 3 bürünc medala sahib olublar. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələniblər. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıblar. Sərbəst güləşçilərimiz komanda hesabında Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada qərarlaşıb.Qadın güləşçilərimiz isə çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurublar. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) isə bürünc medala sahib olublar. Qadın güləşçilərimiz komanda hesabında yeddinci olublar.Qitə birinciliyinin sonuncu iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 3 qızıl və 1 bürünc medal əldə ediblər. Qızıl medalları yığmamıza Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) qazandırıblar. Bürünc medala isə Eltun Vəzirzadə (80 kq) sahib olub.Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında üçüncü pillədə qərarlaşıb. Gürcüstan komandası 47 xalla birinci, Rusiya idmançıları isə 45 xalla ikinci yeri tutub.Medalların əyarına görə isə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb. İki qızıl medal qazanan İsveç ikinci olub. Türkiyə, Macarıstan və Polşa komandası hərəyə 1 qızıl medal qazanıb.Qeyd edək ki, nə Rusiyanın, nə də Gürcüstanın yunan-Roma güləşi üzrə yığma komandası çempionatda qızıl medal qazana bilməyib.xeber100.com

Aprel 3, 2017 11:31

“Real Madrid”in “Alaves” üzərində 3:0 hesablı qələbəsindən sonra…

İspaniya çempionatında liderlik uğrunda gərgin mübarizə aparan “Real Madrid” və “Barselona” komandaları La Liqanın 29-cu turunda qələbə qazanıblar.Azərtac xəbər verir ki, “Barselona” səfərdə “Qranada”nı 4:1 hesabı ilə məğlub edərək çempionluq uğrunda mübarizəni davam etdirib.“Real Madrid”in “Alaves” üzərində 3:0 hesablı qələbəsindən sonra çempionluq uğrunda mübarizəni davam etdirmək üçün kataloniyalılar mütləq qalib gəlməli idilər. Cəzalı Lionel Messinin forma geymədiyi oyunun ilk hissəsində “Barselona” o qədər də yaxşı təsir bağışlamayıb. Belə ki, “Barselona” birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Luis Suarezin qolu ilə hesabı açıb.Fasilədən sonra – 50-ci dəqiqədə Jeremi Boqa hesabı bərabərləşdirib. Lakin görüşün 64-cü dəqiqəsində L.Suarezin ideal ötürməsindən sonra Alkaser son dörd oyunda üçüncü qoluna imza atıb - 2:1. Matçın 82-ci dəqisində “Qranada” futbolçuları meydanda sayca azlıqda qalıblar. Bundan məharətlə istifadə edən “Barselona” rəqib qapısına daha iki dəfə yol tapıb. Oyunun 83-cü dəqiqəsində İvan Rakitiç, 90+1-ci dəqiqədə isə Neymar “Barselona”nın qələbəsini rəsmiləşdiriblər – 4:1.Bu oyunda cari mövsümdəki 23-cü qoluna imza atan L.Suarez həm də 10-cu məhsuldar ötürməsini edib.Neymar isə son dəqiqədə rəqib qapısından keçirdiyi topla “Barselona”nın heyətində 100-cü qolunu vurub. Bununla da o, Rivaldo (130 qol) və Evaristodan (105 qol) sonra “Barselona”nın heyətində ən çox qol vuran braziliyalı olub.Hazırda İspaniya çempionatına 68 xalla “Real Madrid” başçılıq edir. Madridlilərin hələ ehtiyatda bir oyunu var. Aktivində 66 xal olan “Barselona” ikinci sıradadır. “Atletiko Madrid” və “Sevilya” komandalarının 58 xalı var.xeber100.com

Aprel 3, 2017 11:25

Karate Federasiyasının məlumatı

Qadın milli komandamızın lideri İrina Zaretska (68 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən nüfuzlu karate 1 premyer liqasının qalibi olub.Azərbaycan Karate Federasiyasından Azərtac-a bildirilib ki, İrina Zaretska Dünya Karate Federasiyasının (WKF) mövsüm boyu üçüncü mötəbər yarışını da birinci pillədə başa vuraraq reytinqdəki liderliyini möhkəmləndirib. İ.Zaretskanın məğlub etdiyi rəqiblər arasında bu dəfə də son dünya və Avropa çempionları olub.Milli komandanın favoritlərindən Ayxan Mamayev (84 kq) bürünc medal uğrunda həlledici qələbəni əldən versə də, təsəlliverici görüşlərdə son dünya çempionatının finalında məğlub olduğu yaponiyalı karateçi Ryutaro Araqaya 4:2 hesabı ilə qalib gələrək revanş alıb.IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından əhəmiyyətli olan bu yarışda milli komandamız iştirak etməsə də, turnirə öz hesabına yollanan daha üç idmançımız mükafatçılar arasına düşə bilməyib. Karateçilərimiz üçün digər bir mənfi hal isə, idmançılarımızın Tokio Olimpiadasında iştirak etməsi üçün reytinq qazandıran ilk dörd pillədən bu dəfə də uzaq düşmələridir.Dubay Premyer Liqasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF texniki komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandıran fəxri qonaqlar arasında olub.Yarışı idarə edənlərdən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək üç hakimimizdən beynəlxalq dərəcəli Cahangir Babayev ilə Vüqar Kərimov və onlardan başqa federasiyanın vitse-prezidneti Yusif Məmmədov da yer alıb. Yüksək dərəcələrinə görə onlara final görüşlərini də idarə etmək həvalə olunub.75 ölkədən 701 karateçinin iştirak etdiyi yarışda bir qızıl medala sahib olan Azərbaycan mükafat qazana bilən 26 ölkə idmançıları arasında 7-10-cu yerləri bölüşüb.xeber100.com

Aprel 3, 2017 11:23

UEFA futbol üzrə ilkin tərkibini açıqlayıb

UEFA-nın mətbuat xidməti futbol üzrə millətlər liqasının qruplarının ilkin tərkibini açıqlayıb. Bu turnir 2018-ci ilin sentyabrından başlayacaq.Turnir çərçivəsində 55 milli komanda “A”, “B”, “C” və “D” olmaqla dörd qrupa bölünəcək. Bölgü 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin sonuna olan reytinq əsasında aparılacaq.“A” divizionuna ən yüksək reytinqə malik 12 komanda salınacaq. Növbəti 12 komanda “B”, daha sonrakı 15 komanda “C”, son 16 komanda isə “D” divizionunda qərarlaşacaq.Millətlər liqasının reqlamentinə əsasən, komandalar bir diviziondan digərinə yüksələ və düşə bilər. Turnirin yekun nəticələri Avropa seçmə mərhələlərinin püşkü üçün əsas götürüləcək.Qeyd edək ki, UEFA milliləri üçün son reytinq cədvəli martın 26-da məlum olub. Məhz bu reytinq əsasında qrupların ilkin heyəti açıqlanıb.Beləliklə “A” divizionu: Almaniya, Fransa, Portuqaliya, Belçika, İspaniya, İngiltərə, İsveçrə, Xorvatiya, Polşa, İslandiya, Bosniya və Herseqovina;“B” divizionu: İrlandiya, Rusiya, Avstriya, İsveç, Slovakiya, Uels, Ukrayna, Hollandiya, Şimali İrlandiya, Çexiya, Türkiyə və Macarıstan;“C” divizionu: Yunanıstan, Rumıniya, Sloveniya, İsrail, Serbiya, Danimarka, Bolqarıstan, Albaniya, Şotlandiya, Çernoqoriya, Norveç, Litva, Azərbaycan, Kipr və Ermənistan;“D” divizionu: Estoniya, Finlandiya, Belarus, Gürcüstan, Farer adaları, Latviya, Makedoniya, Qazaxıstan, Moldova, Lüksemburq, Lixtenşteyn, Kosova, Malta, Andorra, San- Marino və Cəbəllütariq.Turnirin qalibi 2019-cu ilin iyununda təşkil ediləcək və dörd komandanın iştirak edəcəyi final turnirində müəyyənləşəcək.Ukrayna yığması ilə Rusiya, Azərbaycan millisi ilə isə Ermənistan komandası eyni diviziona düşmələrinə baxmayaraq, eyni qrupda yer ala bilməzlər.xeber100.com

Aprel 1, 2017 8:31