Futbol yarışında mübarizə aparacaq komandalar müəyyənləşib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) bu mötəbər turnirin futbol yarışında mübarizə aparacaq səkkiz komandanın adlarını açıqlayıb.Azərtac “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda mübarizə aparacaqlar. Hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer ala bilər.Hər qrupda birinci və ikinci yeri tutacaq komandalar yarımfinala çıxacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Ümumilikdə futbol yarışında 16 matç oynanılacaq. Qarşılaşmalar “Bayıl Arena”, “Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionu və “Azal Arena”da keçiriləcək. Mayın 18-21-də təşkil olunacaq yarımfinal və final oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılır.“Bakı-2017”nin idman direktoru Mark Haniban Azərbaycanda futbola hər zaman böyük maraq göstərildiyini diqqətə çatdıraraq deyib: “IV İslam Həmrəyliyi Oyunlarında da futbol azarkeşlərin diqqət mərkəzində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılıb ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarımfinal və final oyunlara yaxşı hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər”.xeber100.com

Mart 9, 2017 12:56

Türkiyə Super Liqasının 23-cü turunda…

İstanbulun “Qalatasaray” komandası üç oyunluq qələbə həsrətinə “Antalyaspor” ilə oyunda son qoyub. İstanbullular Türkiyə Super Liqasının 23-cü turunda Antalyada 3:2 hesabı ilə çətin qələbə qazanaraq xallarının sayını 43-ə çatdırıblar.Azərtac xəbər verir ki, “Qalatasaray” matçın 24-cü dəqiqəsində Brumanın qolu ilə hesabı açıb. Oyunun 36-cı dəqiqəsində Eren Derdiyok komandasının üstünlüyünü iki topa çatdırıb - 0:2. Lakin birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Mbilla bu fərqi azaldıb – 1:2.Fasilədən sonra – 53-cü dəqiqədə “Antalyaspor” Danilonun qolu ilə hesabı bərabərləşdirib – 2:2. Oyunun 84-cü dəqiqəsində istanbullular meydanda sayca azlıqda qalıblar. Hakim kobud oyuna görə ilk qolun müəllifi Brumanı ikinci sarı vərəqə ilə cəzalandıraraq meydandan kənarlaşdırıb. Lakin “Qalatasaray” oyunun qələbə qazana bilib. Matçın əsas vaxtına əlavə edilən hissənin sonunda - 96-cı dəqiqədə cərimə zərbəsindən ötürülən topu tora göndərən Eren Derdiyok ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb – 2:3.Beləliklə, “Qalatasaray” üç oyunluq qələbə həsrətinə son qoyaraq qalibiyyətə sevinib. İstanbullular bu oyundan əvvəlki üç görüşdə iki dəfə məğlub olub, bir oyunda isə heç-heçə etmişdilər (“Kayserispor” - 1:2, “Rizespor” – 1:1, “Beşiktaş” – 0:1). Hazırda 43 xalı olan “Qalatasaray” çempionatda üçüncü yerdədir. “Beşiktaş” 53 xalla birinci, “İstanbul Başakşehir” 49 xalla ikincidir. “Fənərbağça” isə 41 xalla dördüncü sıradadır.xeber100.com

Mart 7, 2017 11:48

UEFA Çempionlar Liqasının ilk iki iştirakçısı müəyyənləşəcək

Martın 7-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk iki iştirakçısı müəyyənləşəcək.Azərtac xəbər verir ki, qitənin ən mötəbər klub turnirinin səkkizdəbir final mərhələsində Londonun “Arsenal” komandası Münxenin “Bavariya” klubunu qəbul edəcək. Digər oyunda isə “Real Madrid” komandası Neapolda “Napoli” klubunun qonağı olacaq.Münxendə keçirilən ilk oyunda “Bavariya”ya 1:5 hesabı ilə məğlub olan “Arsenal”ın dörddəbir finala vəsiqə qazanması əsl möcüzə ola bilər. London təmsilçisinin baş məşqçisi Arsen Venger növbəti mərhələyə yüksəlməyin ancaq şans sayəsində reallaşa biləcəyini vurğulayaraq deyib: “Bizim hazırkı vəziyyətdə yeganə üstünlüyümüz heç bir şansımızın olmamasıdır. Buna görə də biz hücum etməli və qol vurmağa çalışmalıyıq. Biz Avropada həmişə ən yaxşı klublardan hesab edilən “Bavariya” ilə dörd dəfə qarşılaşmışıq və o, olduqca güclü rəqibdir. Biz hücumlarla özümüzə şans yaratmağa çalışacağıq. Söhbət bizim idman şərəfimizdən gedir və buna görə də 90 dəqiqə ərzində əlimizdən gələni etməliyik”.Madriddə “Napoli”ni 3:1 hesabı ilə məğlub edən “Real” da Napoliya yüksək əhval-ruhiyyədə gəlib. “Biz həmişə olduğu kimi, oyunda qələbə qazanmağa çalışacağıq. Bilirəm ki, oyunda çətinlik çəkəcəyik, ancaq buna hazırıq. Madriddəki qarşılaşmada ilk qolu “Napoli”nin vurmasına baxmayaraq, çox gözəl oynadıq. Bizim onların qoluna reaksiyamız möhtəşəm oldu. UEFA Çempionlar Liqasında həmişə inanılmaz ab-hava olur və bizim bu oyuna motivasiyamız xeyli yüksəkdir. Düşünürəm ki, biz çox gözəl oyun nümayiş etdirəcəyik”.Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində digər cavab oyunları isə martın 8-də, 14-də və 15-də keçiriləcək.xeber100.com

Mart 7, 2017 11:39