UEFA Avropa Liqasının final mərhələsindən…

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, son yeddi ev oyununda məğlub olmayan Danimarkanın “Kopenhagen” komandası doğma meydanda Hollandiyanın “Ayaks” klubunu qəbul edib. Danimarkalılar görüşdə 2:1 hesabı ilə qalib gələrək ev oyunlarında məğlubedilməzlik seriyasını qoruyublar.Kiprin APOEL komandası isə evdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşıb. Bu qarşılaşma hər iki komandanın ilk dueli kimi əlamətdar olub. Bu oyunadək Belçika komandaları ilə keçirdiyi dörd görüşün hamısında məğlub olan APOEL komandası bu “ənənə”ni poza bilməyib və 0:1 hesabı ilə uduzub. Qeyd edək ki, belçikalıların heyətində çıxış edən rumıniyalı legioner Nikolae Stançiunun matçın 29-cu dəqiqəsində vurduğu qol “Anderlext”in avrokuboklarda 250-ci qolu olub.Digər maraqlı qarşılaşma isə Rusiyada “Rostov” komandası ilə “Mançester Yunayted” arasında keçirilib. İndiyədək Rusiyada keçirdiyi dörd oyunda məğlub olmayan (bir qələbə, üç heç-heçə) “Mançester Yunayted” ilk dəfə bir ingilis klubu ilə qarşılaşan “Rostov”un müqavimətini qıra bilməyib – 1:1.Yunanıstanın “Olimpiakos” komandasının qonağı olan İstanbulun “Beşiktaş” klubu isə ilk hissədə hesabda geri düşməsinə baxmayaraq, matçın 53-cü dəqiqəsində Vinsent Abubakarın qolu ilə heç-heçəyə nail olaraq, cavab qarşılaşması üçün əlverişli nəticəni təmin edib.Günün ən məhsuldar oyunu isə Belçika təmsilçiləri “Gent”-“Genk” oyununda qeydə alınıb – 2:5. Qarşılaşmada qeydə alınan altı qoldan beşi ilk hissədə vurulub. Matçın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyən ev sahibləri 84-cü dəqiqədə sayca azlıqda qalıblar.Digər çoxqollu oyun isə Fransada baş tutub. “Roma” klubunu qəbul edən “Olimpik Lion” komandası 4:2 hesabı ilə qalib gəlib.İspaniyanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi “Selta Viqo” doğma meydanda Rusiyanın “Krasnodar” klubunu 90-cı dəqiqədə vurduğu qol sayəsində 2:1 hesabı ilə məğlub edə bilib.Turnirdə Almaniya təmsilçiləri “Şalke” və “Mönxenqladbax” arasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Qeyd edək ki, UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab qarşılaşmaları martın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin püşkü isə martın 17-də atılacaq. Turnirin final matçı mayın 24-də İsveçin Solna şəhərindəki “Friends Arena”da keçiriləcək.xeber100.com  

Mart 10, 2017 12:22

Futbol yarışında mübarizə aparacaq komandalar müəyyənləşib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) bu mötəbər turnirin futbol yarışında mübarizə aparacaq səkkiz komandanın adlarını açıqlayıb.Azərtac “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda mübarizə aparacaqlar. Hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer ala bilər.Hər qrupda birinci və ikinci yeri tutacaq komandalar yarımfinala çıxacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Ümumilikdə futbol yarışında 16 matç oynanılacaq. Qarşılaşmalar “Bayıl Arena”, “Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionu və “Azal Arena”da keçiriləcək. Mayın 18-21-də təşkil olunacaq yarımfinal və final oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılır.“Bakı-2017”nin idman direktoru Mark Haniban Azərbaycanda futbola hər zaman böyük maraq göstərildiyini diqqətə çatdıraraq deyib: “IV İslam Həmrəyliyi Oyunlarında da futbol azarkeşlərin diqqət mərkəzində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılıb ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarımfinal və final oyunlara yaxşı hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər”.xeber100.com

Mart 9, 2017 12:56