Novruz bayramı ilə əlaqədar satış yarmarkaları təşkil ediləcək

Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC satış yarmarkaların təşkilinə start verib.Bu barədə "Apa-Economics"ə ASC-dən məlumat verilib.Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək: Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1; Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi); Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 ("İdeal" şadlıq sarayının yanı); Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı); Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında keçirilir. "Yarmarkalarda əhaliyə təklif olunan məhsullar Səhmdar Cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib. Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq. Səhmdar Cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq", - deyə məlumatda vurğulanıb.Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.xeber100.com

Mart 3, 2018 9:43

“Caspian Energy Forum Tbilisi – 2018” keçiriləcək

Aprelin 18-də Gürcüstanın “Caspian Energy Georgia” şirkəti V Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018” təşkil edəcək. Gürcüstanın mühüm payı olan bir sıra nəhəng regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, həmçinin beynəlxalq biznes ictimaiyyətinin nümayəndələrində Gürcüstan iqtisadiyyatına böyük maraq yaradan əlverişli investisiya və işgüzar mühit ilə əlaqədar foruma Avropa, Amerika və Asiya qitəsini təmsil edən çox sayda iştirakçının qatılacağı gözlənilir.Bu barədə Azərtac-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. O, həmçinin qeyd edib ki, açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və hökumətin iqtisadi blokunu təmsil edən üzvlərinin iştirakı nəzərdə tutulub.V Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə Gürcüstan və Azərbaycan hökumətləri, “Caspian European Club”, “Caspian American Club” və “Caspian Asian Club” rəsmi dəstək verir.T.Əliyevin sözlərinə görə, “Caspian Energy Forum” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə təşkil olunur və biznes-hakimiyyət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, eləcə də biznesmenlər arasında qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydan rolunu oynayır.xeber100.com

Mart 2, 2018 3:14

Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 77-ci iclası keçirilib

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 77-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.Azərtac xəbər verir ki, iclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyəti ilə bağlı geniş məsələlər daxil olub. İclas iştirakçıları MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək bir sıra sənədlərin layihələrini bəyəniblər. Söhbət Birlik dövlətlərinin intellektual mülkiyyət bazarının formalaşması və inkişafı haqqında Sazişin, Dövlətlərarası standartlaşdırmaya aid sənədlərin yayılması haqqında Sazişin, Energetikanın innovasiyalı inkişafı və qabaqcıl energetika texnologiyalarının işlənib hazırlanması sahəsində MDB ölkələrinin əməkdaşlığı Konsepsiyasının və bu konsepsiyanın reallaşdırılması ilə bağlı Təxirəsalınmaz Tədbirlər Planının, habelə 2025-ci ilə qədər olan dövr üçün quduzluğun profilaktikası və ona qarşı mübarizə sahəsində MDB ölkələrinin Birgə Fəaliyyəti Kompleksinin layihələrindən gedir.İqtisadi Şura xidmətlərin azad ticarəti barədə Sazişin layihəsi üzərində işi davam etdirmək üçün Birlik ölkələrinin iqtisadiyyat nazirlərindən (nazir müavinlərindən) ibarət yüksək səviyyəli işçi qrup yaradılmasını qərara alıb və 2018-ci il üçün həmin qrupun iclaslarının qrafikini təsdiq edib.İclas iştirakçıları 2018-2020-ci illər üçün Qazaxıstan Materialşünaslıq Tokamakında elmi tədqiqatlar proqramını təsdiq ediblər.xeber100.com

Mart 2, 2018 3:11

Maarifləndirmə aksiyalarına start verilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (QTA) geniş maarifləndirmə aksiyalarına start verib.Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Azərtac-a bildirilib ki, əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına martın 1-dən etibarən start verilib.Son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yeni qurum, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi təsis edilib. QTA-nın yaradılması ilə vətəndaşlara göstərilən qayğının səviyyəsi yeni, daha keyfiyyətli mərhələyə qədəm qoyub. Qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin həyata keçirilməsi agentliyin prioritet fəaliyyət istiqamətlərindən hesab olunur.Bu sahədə maarifləndirmə aksiyalarına başlayan agentlik “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.Hazırlanan maarifləndirmə materiallarında “tarladan süfrəyə” prinsipi ilə həyata keçirilən qida zənciri, uşaqlar üçün yemək çantası hazırlayan zaman diqqət edilməsi vacib olan məqamlar, məişətdə sadə qaydalarla qidanın təhlükəsizliyinə əməletmə qaydaları öz əksini tapıb.Qida təhlükəsizliyi terminlərini sadə və anlaşılan dillə, ən geniş auditoriyaya çatdırmağı hədəf götürən agentlik, bu layihə çərçivəsində məlumatlandırıcı materialları təhsil müəssisələrində, insanların daha çox vaxt keçirdiyi ictimai iaşə, xidmət obyektlərində və sosial şəbəkələrdə yayacaq.

Mart 1, 2018 11:25