Nəqliyyat Nazirliyi çərçivəsində Dövlət Agentliyi yaradılıb

Prezident İlham Əliyev yanvarın 12-də “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. APA-nın məlumatına görə, Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilib.Fərmana əsasən Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Dövlət Dəniz Agentliyinin tabeliyinə, Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi isə publik hüquqi şəxs statusu ilə Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.xeber100.com

Yanvar 13, 2018 10:45

“Azərsu” ASC-nin məlumatına əsasən…

Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xətti çəkilir.“Azərsu” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azərsu” ASC Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir. 2018-ci ilin ilk günlərindən başlayaraq Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri intensiv şəkildə aparılır. Magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.Qeyd edək ki, M.Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla təmin olunub. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranıb.Yeni layihə çərçivəsində M.Davudoğlu küçəsindən keçən mövcud magistral xətt yenisi ilə əvəzlənir. Bu məqsədlə 280 millimetr olan polietilen borularla 1 kilometr uzunluğunda yeni magistral su xətti çəkilir və ətraf küçələrə çıxışlar verilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra bütün evlər yeni çəkilmiş xətlərə qoşulacaq və mövcud kəmərin fəaliyyəti dayandırılacaq.Tikinti işlərinin yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur. Yeni xəttin istismara verilməsi ilə bu ərazidə yaşayan əhalinin içməli su təchizatında dayanıqlılıq təmin olunacaq.xeber100.com

Yanvar 12, 2018 3:23

XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2018-ci il mayın 3–4-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş XIII Beynəlxalq elmi-texniki konfrans keçiriləcək.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, konfransda akademiyanın professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar və əcnəbi alimlər iştirak edəcək.Konfransın məqsədi elmi-texniki məlumatların mübadiləsi və beynəlxalq əlaqələrin genişləndirilməsindən ibarətdir.Konfransın işi “Gəmiqayırma və gəmi təmiri texnologiyası”, “Gəmiçilik və su nəqliyyatının istismarı”, “Gəmiçilik texnikası”, “Gəmiçilikdə humanitar və dilçilik problemləri” bölmələri üzrə təşkil olunacaq.Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində ödənişsiz çap olunması nəzərdə tutulur. Digər məruzələr XIII Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc ediləcək.Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını bu ilin martın 16-dək təşkilat komitəsinə təqdim edə bilərlər. Konfransda həm əyani, həm də qiyabi iştirak mümkündür. Əyani iştirak etmək istəyənlərdən təşkilat komitəsini məlumatlandırmaları xahiş olunur.Xatırladaq ki, ötən il geniş miqyasda təşkil olunan bu beynəlxalq konfransda respublikamızın 11 ali təhsil və elm ocağı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Latviya, Polşa, Qazaxıstandan olan alimlər və bir çox aparıcı mütəxəssislər iştirak ediblər.xeber100.com

Yanvar 11, 2018 2:51