“Şahdağ” yay mövsümünü bağlı elan edib

Sentyabrın 25-dən etibarən Şahdağ” Turizm Mərkəzi yay mövsümünü bağlı elan edib.Mərkəzdən Azərtac-a bildirilib ki, yay mövsümü artıq başa çatıb. Sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 40 mindən çox olub. Onların 68 faizdən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83 faizdən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil ediblər.Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistan, BƏƏ, Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsüm də bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalıb, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb, ilk dəfə olaraq çoxdan gözlənilən dağ paraşütü hesab olunan paraplan xidməti istifadəyə verilib.Eləcə də bu mövsüm ilk dəfə olaraq uşaqlar üçün ingilisdilli “Şahdağ” Yay Düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulub, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya və Mərakeş kimi ölkələrdən 160-dan çox uşaq iştirak edib. “ASAN Məktub” layihəsi ilə birlikdə təşkil edilmiş xeyriyyəçilik aksiyası nəticəsində respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilib.Ənənəvi olaraq, mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edəcək. Qış mövsümünün açılışına kimi isə mərkəz ərazisində 5 ulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcək.xeber100.com  

Sentyabr 25, 2017 2:48

II “Bankçılıq Forumu”nun keçirilməsi planlaşdırılır

Azərbaycan Banklar Assosiasiyasının (ABA) və İqtisadi İslahatlarının Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 23-24-də Bakıda "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası" adlı II "Bankçılıq Forumu"nun keçirilməsi planlaşdırılır.Azərtac ABA-ya istinadla xəbər verir ki, forumun məqsədi maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə dair məsələlər, bank sisteminin sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı məsələlərinin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır.Forumda xarici şokların təsirinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar, nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri, müasir bankçılıqda komplayns və bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri üzrə panellər, qeyd edilən məsələlər ətrafında çıxışlar və müzakirələr təşkil olunacaq.Tədbirdə maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak edəcəklər.Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.xeber100.com

Sentyabr 22, 2017 2:25