“Buta Airways” aviabiletlərin satışına başlayıb

“Buta Airways” İstanbula və Sankt-Peterburqa aviabiletlərin satışına başlayıb.“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin rəsmi saytında qış uçuş cədvəli üzrə (oktyabrın 29-dan martın 29-dək) aviabiletlər satışa buraxılıb. Qış uçuş cədvəli üzrə Bakıdan İstanbula (“Sabiha Gökçən” hava limanı) və Sankt-Peterburqa, həmçinin Gəncədən Moskvaya (“Vnukovo” hava limanı) olan reyslərə aviabiletlərin satışına başlanılıb.Aktual uçuş cədvəli ilə bu https://www.butaairways.az/az/flight-schedule linkdə tanış olmaq mümkündür.Qeyd edək ki, aviaşirkət sentyabrın 1-dən Bakıdan Moskva (“Vnukovo” hava limanı), Kiyev (“Julyanı” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat “Tariflər və xidmətlər” səhifəsində təqdim olunub.Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri ilə daha ətraflı “Biletlərinin qaytarılması və dəyişdirilməsi” səhifəsində tanış olmaq mümkündür.xeber100.com  

İyul 21, 2017 3:23

Vergi borcu ilə bağlı bir sıra yeniliklər təsbit olunub

Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərdə vergi borcu ilə bağlı bir sıra yeniliklər təsbit olunub.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, vergi borclarının dövlət büdcəsinə alınmasının tam həcmdə və operativ təmin edilməsi məqsədilə vergiödəyicisinin siyahıya alınmış əmlakının icra məmurunun sifarişi əsasında elektron hərrac vasitəsilə satılması, vergiödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakların satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər üzrə rüblük məlumatların vergi orqanlarına elektron şəkildə təqdim edilməsi də bu yeniliklər sırasındadır.Bundan əlavə, Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərə görə, Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.Belə ki, qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı.Həmçinin əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq 20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb ediləcəklər.İlk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad edilirlər. Bu dəyişikliklər nəticəsində ümumilikdə 24 maddədə sahibkarların məsuliyyəti yüngülləşdirilib.xeber100.com

İyul 20, 2017 3:07

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 149 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdəki mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.xeber100.com

İyul 19, 2017 1:28

“FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində…

İyulun 18-də Kənd təsərrüfatı naziri H.Əsədovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmakla görüşündə “FAO-Azərbaycan tərəfdaşlıq proqramı” çərçivəsində təqdim olunan yeni layihələr müzakirə olunub.Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nazir Heydər Əsədov FAO ilə Azərbaycan arasında həyata keçirilən layihələri yüksək qiymətləndirib və gələcəkdə də yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini vurğulayıb.Görüşdə “Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğu sisteminin yaradılması”, “Azərbaycanda arıçılığın inkişafı vasitəsilə əhalinin gəlirlərinin artırılması”, “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi”, “Dayanıqlı qoyunçuluq və ərzaq məhsullarının dəyər zəncirlərinin hazırlanması və qəbulu” layihələrinin ayrılıqda hər bir komponenti üzrə müzakirələr aparılıb. Nazir gələcəkdə səmərəliliyin artırılması məqsədilə hər bir layihə üzrə müvafiq tövsiyələrini verib.BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak qeyd olunan dəyişiklikləri və təklifləri nəzərə almaqla yeni layihələrin həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.xeber100.com

İyul 19, 2017 1:10