Anlaşma Memorandumu imzalanıb

Çinin paytaxtı Pekində Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Sənədi “Bir kəmər - bir yol” strategiyası çərçivəsində keçirilən beynəlxalq forumda iştirak etmək üçün Pekində səfərdə olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov və Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının sədr müavini (nazir müavini) Vu Çinxay imzalayıb.Sənədin imzalanmasından əvvəl keçirilən görüşdə R.Həsənov Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlər, yerli məhsulların xarici bazarlarda satışının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Bu sahədə Çinlə əməkdaşlığın vacib əhəmiyyət daşıdığını qeyd edən komitə sədri məsələyə Çin tərəfinin marağını yüksək qiymətləndirib.Görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə olunub. Belə ki, qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa, Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.xeber100.com

May 15, 2017 2:07

Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə fəaliyyətə başlayacaq

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq.Anadolu agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər- bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda çıxışında deyib.O qeyd edib ki, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur. Dünyada 60-dan çox ölkədən keçən Yeni İpək yolu 40 milyon kvadratkilometrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən çox önəmli bir layihədir.Çin Xalq Respublikasının Sədri Si Cinpin isə çıxışında müvafiq layihələrə 79 milyard dollar maliyyə yardımı ediləcəyini bildirib. O, İpək Yolunun Asiya, Afrika və Avropa qitələrindəki ölkələri bir-birinə bağladığını, bununla da beynəlxalq iqtisadi və mədəni əlaqəni təmin etdiyini vurğulayıb.Qeyd edək ki, beynəlxalq forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.xeber100.com

May 14, 2017 1:22

Beynəlxalq Bankın müraciəti əsasında…

Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında ABB-nin aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib.Bankdan Azərtac-a bildiriblər ki, qərara əsasən, ABB-nin xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar bankın aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək."Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı bankın maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. ABB Bankın xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət edib. Bu müraciətimiz məhkəmə tərəfindən təmin olunub. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir", - deyə ABB-nin idarə heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən bildirib.xeber100.com

May 13, 2017 9:44