“Made in Azerbaijan” brendinin təbliği məqsədilə…

"Made in Azerbaijan" brendinin təbliği məqsədilə bu ilin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil ediləcək.Azərtac xəbər verir ki, müxtəlif ölkələrdə "ticarət ev"lərinin təşkili, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyinatı proseslərinə də start verilib.Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə və Belarus və s. ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi artıq ödənilir.Ümumiyyətlə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə xüsusi diqqət yetirilir.Qeyd edək ki,"Made in Azerbaijan" brendi Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada sərgilərdə də vahid ölkə stendi ilə nümayiş olunub. Azərbaycan məhsullarının Körfəz regionunun ticarətində önəmli yerə malik olan "Lulu" marketlər şəbəkəsində satışı barədə razılıq əldə olunub. Həmçinin spirtli içkilər, eləcə də yerli şərablar Almaniyada böyük maraqla qarşılanıb. Litvada şərab məhsullarını distribüterliyi ilə məşğul olan şirkət tərəfindən ilkin olaraq 200 litr Azərbaycan şərabı alınıb.xeber100.com

Aprel 2, 2017 2:00

Baltikyanı ölkələrin toplantısı keçiriləcək

Aprelin 2-4-də Antalyada 25 ölkənin Mərkəzi Bankının sədrlərindən ibarət Rəhbərlər Klubunun Mərkəzi Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin toplantısı keçiriləcək.Azərtac xəbər verir ki, mətbuata qapalı olaraq reallaşacaq toplantının əsas mövzuları pul siyasəti və maliyyə sabitliyi ilə iqtisadi dayanıqlılığın artırılmasıdır. Tədbirdə kluba üzv ölkələrdəki aktual iqtisadi və maliyyə proseslərinə dair təqdimatlar ediləcək.Qeyd edək ki, Azərbaycan bu klubun üzvüdür.Klub Mərkəzi Asiya, Qara dəniz və Baltikyanı ölkələrinin Mərkəzi Bankları arasında əlaqələri inkişaf etdirmək, bankçılıq və maliyyə sahələrində texniki əməkdaşlıq imkanlarını araşdırmaq, maliyyə və mərkəzi bankçılıq mövzularında informasiya mübadiləsini həyata keçirmək üçün 1991-ci il mayın 1-də 10 ölkənin Mərkəzi Bankının imzaladığı protokol əsasında yaradılıb.Kluba üzv ölkələr: Albaniya, Azərbaycan, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Çin, Gürcüstan, Xorvatiya, İsrail, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, Tacikistan, Türkiyə, Ukrayna və Yunanıstan.Kluba üzv ölkələrin mərkəzi banklarının sədrləri ildə iki dəfə toplanaraq pul siyasətini həyata keçirməklə aktual iqtisadi və maliyyə sahəsində irəliləyişləri müzakirə edirlər.xeber100.com

Aprel 1, 2017 10:37

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Azərbaycan və Ukrayna dəmiryolçuları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, martın 30-da “Azərbaycan Dəmir Yolları” QSC-də “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsexin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.O bildirib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinədək birxətli 8,3 kilometr dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) dəmir yolu stansiyası və yüklərin boşaldılması üçün terminal tikilir.Qeyd olunub ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının iki-üç dəfə az olmasıdır.Cənub-Qərb Nəqliyyat Dəhlizi barədə də məlumat verən C.Qurbanov deyib ki, bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yük daşımalarını 7 gün ərzində həyata keçirməyə imkan yaradacaq.xeber100.com  

Mart 31, 2017 12:09