Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 28-də keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərraca 144 dövlət əmlakı olmaqla, 40 səhmdar cəmiyyət, 77 kiçik dövlət müəssisə və obyekti, 27 nəqliyyat vasitəsi çıxarılıb. Komitədən Azərtac-a bildirilib ki, hərraca çıxarılan 77 kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış obyektlərinin bir qismi altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Suraxanı, Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir. Hərraca çıxarılan 27 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin Özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətlər barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür. Bu tarixdə keçiriləcək hərraca 40 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb.xeber100.com