“Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində…

Dövlət Statistika Komitəsində (DSK) Avropa İttifaqının (Aİ) dəstəyi ilə reallaşan “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılması istiqamətində tədbirlər həyata keçirilir.Komitədən Azərtac-a bildirilib ki, bu sistem tvinninq layihəsini əhatə edən 4 komponentdən biridir. Məqsəd sözügedən sistem vasitəsilə statistik məlumatların Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasıdır.Bolqarıstan, Almaniya və Sloveniyadan olan mütəxəssislərlə birgə DSK nümayəndələrinin noyabrın 21-25-də Coğrafi İnformasiya Sisteminin yaradılmasında müxtəlif təqdimatları olub. Sayca keçirilən 2-ci iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutundan da nümayəndələr iştirak ediblər. Coğrafi İnformasiya Sisteminin əsas komponenti olan veb-xəritələrin hazırlanması və statistik məlumatların bu xəritələr vasitəsilə yayılması barədə müzakirələr aparılıb. Nəticədə işçi qrupunun yaradılması, CİS üzrə məlumatların yayılması üçün mütəxəssislərin cəlb olunması qərara alınıb. İclasda qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.Qeyd edək ki, Coğrafi İnformasiya Sistemi vasitəsilə istənilən internet istifadəçisi coğrafi-statistik məlumatlarla tanış olmaq imkanı əldə edəcək.xeber100.com

Noyabr 25, 2016 11:56