Sentyabrın 20-21-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı ilə Bakıda Suveren və Pensiya Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın (CROSAPF) 3-cü illik iclası keçirilir. Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, aparıcı suveren və pensiya fondlarının, eləcə də investisiya idarəetmə şirkətlərinin təmsilçiləri Bakıda toplanaraq maliyyə bazarlarında mövcud qlobal imkanları və çağırışları, eləcə də investorlar arasında əməkdaşlığı inkişaf etdirmək yollarını müzakirə edirlər.Tədbirdə müxtəlif ölkələrdən 60 təşkilatı təmsil edən 100-dək nümayəndə iştirak edir. İştirakçılar arasında dövlət maliyyə qurumları – “CDC International Capital” (Fransa), Dubay İnvestisiya Korporasiyası (Birləşmiş Ərəb Əmirlikləri), Dövlət İnvestisiya Fondu (Səudiyyə Ərəbistanı), Hindistan Milli İnvestisiya və İnfrastruktur Fondu, Hollandiya Pensiya Fondu (APG), İpək Yolu Fondu (Çin), İthmar Kapital (əvvəlki Mərakeş Turizm İnkişaf Fondu), Koreya İdxal-İxrac Bankı, Koreya İnvestisiya Korporasiyası, Qətər İnvestisiya Qurumu, Qazaxıstan Milli Bankının Milli İnvestisiya Korporasiyası, Nigeriya Suveren İnvestisiya Fondu, Rusiya Birbaşa İnvestisiya Fondu, Rusiya-Çin İnvestisiya Fondu, “Samruk-Kazyna” (Qazaxıstan), beynəlxalq maliyyə qurumları – Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, dünyanın qabaqcıl özəl maliyyə qurumları – “Carlyle Group” (ABŞ), “Citigroup” (ABŞ), Keppel Korporasiyası (Sinqapur), Neuberger Berman (ABŞ) və “Partners Group”un (ABŞ) nümayəndələri var.xeber100.com