“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Ramazan bayramı ilə əlaqədar iyulun 6-dan 8-dək gücləndirilmiş iş rejimində işləyəcək. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Azərtac-a bildirib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq, qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə birlik tərəfindən zəruri tədbirlər görülüb və növbəli iş rejimi tətbiq edilib. Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, birliyin Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. İ.Kərbalayev deyib ki, bayram günlərində təbii qazdan istifadənin artması ilə əlaqədar ölkə daxilindəki abunəçilər təbii qazla fasiləsiz və tələbata uyğun təmin ediləcəklər. Bundan əlavə, qaz təchizatında təmir-tikinti işləri ilə əlaqədar heç bir məhdudiyyət olmayacaq. “Azəriqaz” İB bütün istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.xeber100.com

İyul 6, 2016 4:06

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər…

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədrinin müstəqil olaraq Cəmiyyətin sədr müavinləri təyin etmək səlahiyyəti ləğv olunub. Apa-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Bundan əvvəl “Azərsu” ASC sədrinin Cəmiyyətin sədr müavinlərini vəzifəyə təyin etmək və onları tutduqları vəzifədən azad etmək səlahiyyəti olub. Dəyişikliyə əsasən, “Azərsu” ASC sədri yalnız Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin sədrinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edə biləcək. Eyni zamanda “Azərsu” ASC-nin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək üçün də Nazirlər Kabinetinin razılığı tələb olunacaq. “Azərsu” ASC sədrinin müstəqil şəkildə Cəmiyyətin filiallarının və nümayəndəliklərinin yaradılması və ləğvi sahəsində səlahiyyətləri də məhdudlaşdırılıb. Dəyişikliyə əsasən, “Azərsu” ASC sədri Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar qəbul edə biləcək.xeber100.com

İyul 4, 2016 12:46

Son 7 ilin ən böyük rüblük bahalaşması…

Neftin qiyməti 2009-ci ildən bu vaxtadək ən böyük rüblük bahalaşmasını göstərib. Siyasətçilərin “Brexit”in mənfi təsirlərini aradan qaldırmaq üçün hərəkətə keçəcəkləri istiqamətindəki fərziyyələri “qara qızıl”ın qiymətini yenidən yüksəldib. Azərtac xəbər verir ki, neft müqavilələri iyunun 30-da bitən üç aylıq dövrdə 26 faiz artıb. Qlobal bazarlarda isə gözlənilməz nəticə ilə yekunlaşan iyunun 23-dəki “Brexit” referendumundan ötən dövrdə müəyyən qarışıqlıq yaşanır. ABŞ-da neft təklifinin ard-arda altıncı həftədir ki azalıb və istehsal 2014-cü ilin sentyabrından indiyədək ən aşağı səviyyəyə geriləyib. Ötən rübdə Kanadadakı meşə yanğınlarının nəzarətdə saxlanılmasından sonra bu ölkə əvvəlki istehsal səviyyəsinə geri qayıdıb, Nigeriyada isə quldurlarla qarşıdurmalar atəşkəs razılaşması ilə yekunlaşıb. Nəticədə isə qlobal neft təklifindəki pozulmalar və ABŞ-ın istehsalındakı azalma ilin əvvəlindən bu vaxtadək “qara qızıl”ın qiymətinin 75 faizədək artmasına təsir göstərib. Bundan başqa, Beynəlxalq Enerji Agentliyi və OPEC neft bazarında tələb-təklif tarazlığının bərpa olunacağı istiqamətində müsbət proqnozlar verirlər. Hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 49 dollardan, “Brent” nefti isə Londonun İCE birjasında 50 dollardan baha satılır.xeber100.com

İyul 3, 2016 1:07