“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

Bakı metropolitenində qış mövsümünə hazırlıq prosesi yekunlaşdırılıb.“Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, hər bir hava şəraiti yeraltı yolların özünəməxsus iqlim mühitinə və qatarların normal işinə təsirsiz ötüşmür. Bu səbəbdən “Qışa yaydan hazırlaş” prinsipinə uyğun olaraq, metropolitendə ilin qarlı-şaxtalı günlərinə hazırlığa hər il iyun ayından gec olmayaraq başlanılır. “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun bütün xidmət sahələrinin yerinə yetirməli olduğu tədbirlər, işlərin miqyası, məzmunu tam əhatəli olmaqla konkret göstərilir. Hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilir və tapşırıqların icra müddəti qeyd olunur. Metropolitenin istismar üzrə baş mühəndisinin rəhbərliyi ilə xüsusi komissiya ay ərzində ən azı bir dəfə olmaqla çatışmazlıqları, qarşıya qoyulan vəzifələri təhlil edir və hesabatlar hazırlayır.Qış fəslinin əsasən, qarlı-çovğunlu günləri qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər. Hazırlıq tədbirləri isə daha çox “Nərimanov” elektrik deposunun yolları ilə bağlı olur. Qışın qarlı günlərində qatarların hərəkəti üçün maneələr açıq hava şəraitində olan park yollarında yaranır. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqlara gətirib çıxara bilər. Nəticədə, depodan yeraltı yollara qatar vermək mümkünsüz olar.Yol təsərrüfatında qışa hazırlıq payızın ilk ayında başa vurulub. Əvvəlcə qarla mübarizə işinin operativ planı hazırlanıb. Yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlə komplektləşdirilməsi yekunlaşdırılıb. Sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.Qarla mübarizə qərargahı da qışa hazırdır. Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib. Qarın yığılması üçün tələb olunan alətlər sazlanıb.Park yollarının ərazisi yoxlanılır, müvafiq tədbirlər görülür. Xüsusən üfürücü qurğuların yerləşdiyi yerlərə davamlı baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim nəzərdən keçirilir, qüsurlu elementləri dəyişdirilir.Qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlər plan üzrə müntəzəm yerinə yetirilir.Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır. Stansiya heyətinə əlverişsiz hava şəraitində, xüsusən qarın yağacağı müddətdə görüləcək işlərlə bağlı təlimatlar verilib. Bu zaman stansiya pilləkənləri nəzarətdə saxlanılacaq, sərnişinlərin hərəkəti üçün təhlükə yarada biləcək maneələr aradan qaldırılacaq. Şiddətli qar yağıntısı zamanı Qarla mübarizə qərargahından zərurət yaranan stansiyaya təhkim olunmuş işçilər dəvət ediləcək.Görülən işlərə əsasən, metropoliten qarlı-şaxtalı günlərdə iş ahəngini qorumağa hazırdır.xeber100.com

Dekabr 23, 2021 3:11

Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nadzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi də iştirak edib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azərtac-a verilən məlumata görə, Azərbaycanla Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində qazandığı tarixi Zəfəri qeyd edib. O, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri aparıldığını, Macarıstan şirkətlərinin həmin işlərdə iştirak etməyə maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib.Ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nailiyyətləri barədə məlumat verən S.Babayev iki ölkə arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumunun iki ölkənin kənd təsərrüfatı üzrə şirkətləri arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb.2005-2021-ci illərdə Bakı və Budapeştdə 10-dan artıq biznes forum, işgüzar görüş və digər tədbirlərin keçirildiyi, 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açıldığı, ölkəmizdə xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı üzrə 20-dək Macarıstan şirkətinin fəaliyyət göstərdiyi bildirilib.Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən bəhs olunub. 2022-ci ilin fevralında Bakıda Komissiyanın 8-ci iclasının, iclas çərçivəsində Azərbaycan-Macarıstan Biznes Forumunun keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.xeber100.com  

Dekabr 16, 2021 8:35

Almaniyanın “Lufthansa” aviaşirkəti müntəzəm reyslərini bərpa edib

Uzun fasilədən sonra Almaniyanın aviadaşıyıcısı “Lufthansa” aviaşirkəti Bakıya Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa müntəzəm reyslərini bərpa edib.Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu ilin yayınadək reyslər Tbilisi hava limanında qısamüddətli dayanmaqla yerinə yetirilirdi. Noyabr ayından başlayaraq aviaşirkət yenidən Bakıdan Frankfurta və geriyə birbaşa müntəzəm reyslər yerinə yetirəcək. Aviaşirkət öz sərnişinlərinə həftədə 4 reys təklif edir. Bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri Bakıdan uçuş saat 04:45-də və çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri Bakıya gəliş saat 21:30-da həyata keçiriləcək.“Airbus A320” təyyarələri ilə reallaşdırılan aviareyslərdə iki xidmət sinfi mövcuddur: biznes və ekonom siniflər.“Biz, “Lufthansa Group” aviaşirkətləri uçuşlarımızın coğrafiyasını tədricən genişləndiririk və Azərbaycandan olan müştərilərimizə yenidən Bakıdan Frankfurta və daha sonra bütün dünyaya birbaşa müntəzəm reysləri təklif etməyə şadıq. Biz, həmçinin Bakı-Frankfurt marşrutunun gələcək inkişafına nikbin baxır və müştərilərimizi hava gəmilərimizdə yenidən salamlamaq imkanını səbirsizliklə gözləyirik”, - deyə “Lufthansa Group”un Ukrayna, Belarus, Türkmənistan və Cənubi Qafqaz üzrə baş direktoru Karsten Tsanq söyləyib.“COVID-19 pandemiyasının başlanmasınadək Avropanın ən böyük qovşaqlarından biri olan Frankfurta birbaşa müntəzəm reyslər yerinə yetirən ”Lufthansa” aviaşirkəti bizim çoxillik tərəfdaşımızdır. Biz şadıq ki, istər Azərbaycanda, istərsə də Almaniyada uğurlu peyvəndləmə proqramları sayəsində və karantin məhdudiyyətlərinin tədricən yumşalması nəticəsində sərnişinlərə bu tələb olunan istiqaməti yenidən təqdim edə biləcəyik”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.xeber100.com

Dekabr 10, 2021 2:58