YARAT Müasir İncəsənət Mərkəzində sərgi açılıb

Sentyabrın 23-də YARAT Müasir İncəsənət Məkanının ARTIM layihə məkanında gənc heykəltəraşlar Novruz Məmmədov, Nadir Eminov və Elvin Nəbizadənin əsərlərindən ibarət “Rahat keyləşmə” adlı qrup sərgisi açılıb. Sərgidə metal, daş və taxtadan hazırlanmış sənət əsərləri nümayiş olunub. Azərtac xəbər verir ki, Novruz Məmmədovun paslanmaz metaldan olan “Pozğun şüurun fantaziyaları” adlı trilogiyasında rəssam fetişizm, vuayerizm və eksaudirizm meyilli insanları əhatə edərək, tamaşaçıya onların hiss etdiklərini yaşamağı təklif edir. Heykəltəraş Nadir Eminovun ağlay daşından yonduğu “Yara” instalyasiyasında Bakıda aparılan rekonstruksiya və yenidənqurma işlərinə münasibət bildirilir. Rəssamın fikrincə, binaları yerli və yersiz üzlük daşı ilə örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil. Elvin Nəbizadənin “Qara saz” layihəsi isə taxtadan yonularaq deformasiya edilmiş sazları təqdim edir. Rəssamın fikrincə saz, qədim türk mədəniyyətindən bizə gələn bünövrə element kimi bu gün də aktuallığını saxlayır. Qeyd edək ki, sərginin təşkil olunmasında məqsəd istedadlı gəncləri incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə onlara öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.xeber100.com

Sentyabr 24, 2016 8:42

Türkdilli dövlətlərin mədəniyyət festivalı keçiriləcək

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə noyabrın 8-13-də türkdilli dövlətlərin mədəniyyət festivalı keçiriləcək. Səfirlikdən Azərtac-a bildiriblər ki, festivalda Azərbaycan ilə yanaşı, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətləri iştirak edəcəklər. Noyabrın 8-də paytaxt Seuldakı Koreya Milli Muzeyində festivalın açılış mərasimi keçiriləcək. Növbəti gün Seulda Azərbaycan günü, noyabrın 13-də isə Qimhe şəhərində Azərbaycan, Qazaxıstan və Qırğızıstan mədəniyyət xadimlərinin iştirakı ilə birgə konsert təşkil ediləcək. Festivalda Azərbaycanı Dövlət Mahnı və Rəqs Ansamblı, “Natiq” ritm qrupu, tanınmış cazmen Elçin Şirinov və caz qrupu, instrumental ansamblı təmsil edəcəkdir. Konsert proqramlarına paralel olaraq tədbirin keçiriləcəyi Koreya Milli Muzeyində Azərbaycanın tarixini, mədəniyyətini, milli mətbəxini, təbiətini, memarlığını əks etdirən fotosərgi, həmçinin milli geyim sərgisi açılacaq. Bundan başqa, rejissor Rövşən İsaxın “Aktrisa” filmi Koreya dilində subtitrlə nümayiş etdiriləcək. Festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, sərgilərin təşkili və filmin nümayişi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və “Bakı” Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.xeber100.com

Sentyabr 22, 2016 12:50