“Avropa şəhərciyi – 2016” festivalı keçiriləcək

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə birlikdə və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi - 2016” festivalı keçirəcək. Aİ-nın Azərbaycandakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, tədbir oktyabrın 1-də Dənizkənarı Milli Parkda təşkil olunacaq. Bu il Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi Azərbaycan Respublikası ilə mövcud əməkdaşlığın 25 illiyini ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri ilə bir neçə tədbir çərçivəsində qeyd edir. Tədbirlərdən biri də 2013-cü ildən etibarən ardıcıl olaraq İçərişəhərdə keçirilən “Avropa şəhərciyi”dir. “Avropa şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir mərasimdir. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Bir gün davam edəcək bu festivala heç kəs laqeyd qala bilməyəcək. Belə ki, “Avropa şəhərciyi - 2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahət, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və s. təşkil olunacaq. Müsabiqə və viktorinaların qaliblərini isə xüsusi hədiyyələr gözləyir. Festivala gələn qonaqlar “Qaspaço” və “Paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu yaxından izləyə biləcəklər. “Avropa şəhərciyi - 2016” festivalının səhnəsində uşaqdan tutmuş böyüyə kimi hamını bir sıra sürprizlər gözləyir. Tədbirdə xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular təşkil olunacaq. Ardınca “Səs Azərbaycan” layihəsinin iştirakçıları öz ifalarını təqdim edəcəklər. Festival Avropadan dəvət olunmuş estrada ulduzunun möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.xeber100.com

Avqust 10, 2016 11:12

Milli Arxiv İdarəsinin məlumatına görə…

Xalq Artisti Ramiz Əzizbəylinin şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinə qəbul olunub. Milli Arxiv İdarəsindən Azərtac-a bildirilib ki, Ramiz Əzizbəylinin qəbul olunmuş sənədləri sırasında onun əlyazmaları, təsviri sənədləri, yaradıcılığına aid sənədlər, afişalar və s. vardır. Arxivə qəbul edilən sənədlərin Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılmaqdadır. Qeyd edək ki, kinorejissor və aktyor, Xalq Artisti, “Hacı Zeynalabdin Tağıyev” və “Qızıl Buta” mükafatları laureatı Ramiz Əzizbəyli 1987-ci ildə lentə aldığı “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivallarda müvəffəqiyyətlə iştirak edib. Kiyevdə keçirilən ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və müasir tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.xeber100.com

Avqust 8, 2016 10:36