Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb

Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb. Sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilir. Azərbaycana aid sərgilərdən biri də “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql edirlər.“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.xeber100.com

İyul 29, 2016 12:42

“Azərsun Holdinq” MMC-nin dəstəyi ilə tədbir keçiriləcək

İyulun 30-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü, IDEA İctimai Birliyi və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə “Ailə günü” adlı tədbir keçiriləcək. Muzeyin “Açıq qapı” günü çərçivəsində təşkil ediləcək tədbirin məqsədi valideyn və uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır. Muzeydən Azərtac-a bildirilib ki, tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar. İştirakçıları tədbirdə muzeyin əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir. Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcəklər. Muzeyin əməkdaşı Püstə Ağayeva “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirə deyəcək və muzeyə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim ediləcək. Məlumat üçün bildirək ki, tədbirdə hemofiliya və talassemiya pasiyentləri tam olaraq ödənişsiz iştirak edə bilər. Qeyd edək ki, muzeydə “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində keçirilməsi nəzərdə tutulur.xeber100.com

İyul 28, 2016 10:55

Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-ın nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” Fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev milli musiqi sənətimizin tarixindən bəhs edərək Azərbaycanın klassik musiqi janrı haqqında məlumat verib. Dünya musiqi tarixində ölkəmizin bir sıra yeniliklərə imza atdığını vurğulayan diplomat bu səpkidə müsəlman dünyasında ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd edib. Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlarının olduğunu bildirən baş konsul klassik musiqi sənətimizin inkişafında bu incəsənət xadimlərinin əvəzolunmaz rolundan bəhs edərək onların dünyanın mədəniyyət yaddaşına həkk olunmuş əsərlərindən söz açıb. Azərbaycan musiqisinin ABŞ-da geniş təbliğ olunmasına baş konsulluğun daim xüsusi diqqətlə yanaşdığını bildirən diplomat bu səpkidə 2013-cü ildə “Arşın mal alan” operettasının Los-Ancelesdə, 2014-cü ildə isə “Yeddi gözəl” baletinin San-Dieqo şəhərində uğurla keçirilmiş ABŞ premyeralarını və bu premyeraların minlərlə amerikalı tərəfindən izlənilməsini böyük mədəniyyət hadisələri kimi qeyd edib.xeber100.com

İyul 26, 2016 11:16