İyulun 5-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış rəssam Bayram Salamovun fərdi rəsm sərgisi açılıb. Azərtac xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bildirilib ki, sərgidə nümayiş olunan 60-dək sənət əsəri müxtəlif mövzuları əhatə etməklə yanaşı, həm də rəssamın sənətə olan sevgisinin bariz nümunəsidir. Sərgidəki əsərlərin incəsənət, gözəllik, humanizm, insansevərlik mövzularını əhatə etdiyini deyən Q.Qasımov bildirib ki, bu sənət əsərləri rəssamın uzun illər səy göstərdiyi yorulmaz əməyinin bəhrəsidir. Diqqətə çatdırılıb ki, fırça ustasının emosional hisslərin rənglərlə ifadəsini yüksək sənətkarlıqla canlandırdığı sərgidə yer alan bütün əsərləri impressionist üslubda işlənib. Qeyd edilib ki, 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olan Bayram Salamov 1986-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır. Rəssam sərginin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi iyulun 9-dək davam edəcək.xeber100.com