Texniki Universitetdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 13-də Azərbaycan Texniki Universitetində (AzTU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yol açan Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib. Rektor Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalq kütlələrinin birliyinin təmin edilməsi, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması, ölkəmizin sərvətlərindən məqsədyönlü istifadə olunması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətindən danışıb. Bildirilib ki, respublikamızda həyatın bütün sahələrində görülən işlər tədricən öz səmərəsini verməyə, Azərbaycan getdikcə dünyanın hər yerində demokratik dəyərlərə üstünlük verən, insan hüquqlarını qoruyan, tolerant və beynəlxalq əməkdaşlığa sadiq bir ölkə kimi tanınır. AzTU-nun ictimai elmlər kafedrasının müdiri, professor Şikar Qasımov çıxışında qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ş.Qasımov Ümummilli Liderin müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi bugünkü və gələcək nəsillər tərəfindən həmişə minnətdarlıq hissi və dərin ehtiramla xatırlanacağını vurğulayıb. Digər çıxış edənlər də Ulu Öndərin gənclərimizlə bağlı həyata keçirdiyi böyük işləri diqqətə çatdırıblar. Azərbaycanlı olmağı ilə fəxr edən dahi siyasətçinin qoyduğu yolun gənclərimiz üçün dəyişməyən istiqamət olduğu vurğulanıb. Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.xeber100.com

İyun 13, 2016 2:04

Hacıbaba Bağırov-84

Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, anadan olmasının 84-cü ildönümünü qeyd etdiyimiz Azərbaycanın Xalq Artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara əbədi həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri vardır. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə fəth edib. Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib. Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub. Doğrudan da Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub. Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından birinə çevirib. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb. Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib. Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”. Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.xeber100.com

İyun 12, 2016 10:57

Minsk-Bakı videokörpüsü keçirilib

İyunun 10-da “Sputnik Belarus” İnformasiya Agentliyinin multimedia mətbuat mərkəzində Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletinin Belarus premyerasına həsr olunan Minsk-Bakı videokörpüsü keçirilib. Azərtac xəbər verir ki, belaruslu xoreoqraf Olqa Kostelin quruluş verdiyi bu tamaşa ilə iyunun 11-də Minskdə “Bolşoyda balet yayı” beynəlxalq festivalı açılacaq. “Eşq və Ölüm” baleti təxminən 1300 il əvvəl yaradılmış və UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş qədim türk eposu “Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılıb. Bəstəkar bu əsərini həyatının başlıca işi adlandırır. P.Bülbüloğlu bildirib: “Mədəni əlaqələr ölkələr arasında münasibətləri gücləndirir. Minskdə çoxlu dostum var, onları neçə illərdi tanıyıram. Şadam ki, baletimin premyerası məhz burada olacaq”. Videokörpü zamanı Belarus Böyük Opera və Balet Teatrında tamaşanın premyerası və MDB-nin əsas humanitar mükafatı olan “Birlik Ulduzları”nın təqdimetmə mərasimindən söz açılıb. Premyeradan əlavə, Azərbaycanın Rusiyadakı səfiri “Birlik Ulduzları” mükafatını təqdim edəcək. Bu il mərasim ilk dəfə Minskdə keçiriləcək. Azərbaycanlı diplomat və bəstəkar bildirib: “Öz yaradıcılığına, istedadına görə bu mükafata layiq görülən şəxslər ölkələri, insanları və mədəniyyətləri birləşdirir. Heç bir mədəniyyət təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. O başqaları ilə əlaqədə olmalıdır”. P.Bülbüloğlunun sözlərinə görə, mədəniyyət çox işə qabildir. 25 ildir Vitebsk şəhərində keçirilən “Slavyan Bazarı” festivalı buna nümunədir. Səfir deyib: “Məncə, həm MDB məkanında, həm də dünyada ikinci belə festival yoxdur. Bu festivaldakı əhval-ruhiyyə dostluğa, əməkdaşlığa, mehriban münasibətlərə və mədəni əlaqələrə təşviq edir”. Jurnalistlər Azərbaycanın Rusiya Federasiyasındakı səfiri ilə yaradıcılıqla bağlı olmayan mövzularda da danışmaq imkanı qazanıblar. Azərbaycanlı diplomat Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud vəziyyət haqqında sualları da cavablandırıb. O deyib: “Ümid edirəm ki, sağlam zəka üstün gələcək və regionda sülh bərqərar olacaq”. Minskdəki videokörpüdə həmçinin MDB-nin “Birlik Ulduzları” humanitar mükafatının laureatı, Azərbaycan Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Səyavuş Kərimi, “ASAN FM” radiostansiyasının rəhbəri Emin Musəvi, jurnalist, teleaparıcı Nuran Hüseynov iştirak edib. “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin multimedia mətbuat mərkəzində isə pilot layihənin iştirakçıları tanınmış musiqişünas və diplomat Nigar Axundova, Azərbaycan Musiqi Akademiyasının incəsənət və musiqi nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyəti Xadimi Alla Bayramova və başqaları iştirak edib. Tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.xeber100.com

İyun 11, 2016 1:01

Corc Kondonun sərgisinin açılışı olacaq

İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından olan Corc Kondonun (George Condo) sərgisinin açılışı olacaq. Mərkəzdən Apa-ya verilən məlumata görə, “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən artıq əsəri - rəsmlər, heykəltəraşlıq nümunələri nümayiş olunacaq. Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatının Konkord şəhərində anadan olub. 1976-78-ci illərdə Louel şəhərindəki Massaçusets Universitetində təhsil alıb. C. Kondo Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gəlib. O, amerikan karikaturasından, Avropa portret tarixindən və yunan mifologiyasından ilham alaraq portret janrının araşdırması ilə məşğul olur, özünəməxsus üslubda qara yumorlu əsərlər yaradır. Kondonun işləri ekspressionizmlə kubizmi satirik karikatura əlamətləri ilə birləşdirir. Onun yaradıcılığı böyük bürünc heykəllərdən tutmuş, xəyali portretlərədək müxtəlif tipli əsərləri əhatə edir. C. Kondo öz yaradıcılığını “süni realizm” termini ilə ifadə edir. O, rəssam kimi məşhur olmasına baxmayaraq, həm də heykəltəraşlıqla məşğuldur. C. Kondo bu sahəyə 1999-cu ildə yaqut, brilyant və mirvarilərlə bəzədilmiş “Desireah” adlı əsəri ilə gəlib. C. Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə şəkillər yaratmağa başlayıb. C. Kondonun həm doğulduğu ABŞ-ın, həm də Avropanın bir sıra şəhərlərində - Hyuston, Nyu-York, Buffalo, Salzburq, Paris, Barselona, Bilefeld və Londonda sərgiləri keçirilib. Heydər Əliyev Mərkəzindəki sərgi noyabrın 6-dək davam edəcək.xeber100.com

İyun 10, 2016 2:59

Mədəniyyət və Turizm Naziri vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Samuxda vətəndaşları qəbul edib. Apa-nın məlumatına görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib. Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib. Sakinlər tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti, atçılıq təsərrüfatının inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin nəzdində turizm agentliyinin yaradılması, işlə təminat, musiqi alətlərinin təmiri və köklənməsi üçün köməklik göstərilməsi, kitaba marağın artırılmasına xidmət edən layihələrə dəstək göstərilməsi, bir sıra sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər. Nazir bildirib ki, qəbulda 30-dək vətəndaş iştirak edib: “Tarixi abidələrimizin qorunması, yerlərdə mədəni həyatın daha da canlandırılması ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını bir daha göstərir. Tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirilməsi haqqında sərəncamına əsasən nazirliyin 15 regional idarəsi yaradılacaq. İslahatlar nəticəsində nazirliyin fəaliyyəti daha da optimallaşdırılacaq, eyni zamanda, bu proses bölgələrimizdə mədəniyyət və turizminin inkişafına öz töhfəsini verəcək".xeber100.com

İyun 10, 2016 12:49