Yunanıstan parlamentinin qərarına əsasən…

Yunanıstan parlamenti beynəlxalq kreditorların tələb etdiyi yeni sərt iqtisadi tədbirlər paketini qəbul edib.Interfax informasiya agentliyi xəbər verir ki, qanun layihəsini 300 deputatdan 153-ü dəstəkləyib. Belə sənədlərin təsdiq olunması üçün sadə səs çoxluğu kifayət edir.Kreditorlarla sazişə əsasən, Yunanıstan 2019-cu ildə təqaüd xərclərinə qənaət etməklə ümumi daxili məhsulun 1 faizinə yaxın, 2020-ci ildə də gəlir vergisinin ödənilməsinə başlandığı gəlir səviyyəsinin azaldılması hesabına ümumi daxili məhsulun daha 1 faizinə yaxın büdcə qənaətinə nail olmalıdır. Bundan başqa, ölkə hökuməti əmək islahatları keçirməyi, bəzi aktivləri özəlləşdirməyi, həmçinin iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq üçün bir sıra tədbirlər görməyi üzərinə götürüb.Səsvermə Yunanıstanda islahatların effektivliyinə qiymət veriləcəyi və Afinaya 7,5 milyard avro həcmində növbəti tranşın ayrılması məsələsinin həll olunacağı Avropa Qrupunun mayın 22-də keçiriləcək iclası ərəfəsində baş tutub.Parlamentdə müvafiq qanun layihəsinin müzakirəsi zamanı Afinanın mərkəzində ölkənin iqtisadi siyasətinin növbəti sərtləşdirilməsinə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalarda 10 min nəfərə qədər insan iştirak edib. Nümayiş iştirakçıları polisə yandırıcı maddə ilə dolu şüşələr atıb, qanun keşikçiləri isə öz növbəsində onlara qarşı gözyaşardıcı qaz işlədib.Hazırda Yunanıstanın dövlət borcu 326 milyard avroya və ya ümumi daxili məhsulun 180 faizinə çatır. Bundan 226 milyard avro avropalı kreditorlara olan borclardır. Hökumətin bu həftə dərc etdiyi iqtisadi göstəricilər ölkənin 2012-ci ildən bəri ilk dəfə olaraq yenidən durğunluq vəziyyətinə düşdüyünü göstərir. Belə ki, ümumi daxili məhsul 2016-cı ilin dördüncü kvartalında 1,2 faiz aşağı düşüb və 2017-ci ilin yanvar-mart aylarında daha 0,1 faiz azalıb.xeber100.com

May 19, 2017 4:13

Euronews telekanalının məlumatına görə…

Braziliya Prezidenti Mişel Temer rəsmi olaraq korrupsiya işi üzrə şübhəli elan olunub. Ölkənin Ali Məhkəməsi mayın 18-də dövlət başçısına qarşı təhqiqata başlamaq qərarını təsdiqləyib. Bir müddət öncə Baş Prokurorluq ali instansiyaya müvafiq müraciət ünvanlamışdı.Euronews telekanalı xəbər verir ki, məhkəmə işinə prezidentin guya iki nüfuzlu biznesmenə parlamentin sabiq spikeri Eduardo Kunyaya rüşvət vermələri barədə təklifinin əks olunduğu audioyazı səbəb olub.Prezident Mişel Temer isə öz növbəsində heç kimə rüşvətlə bağlı göstəriş vermədiyini və istefaya getməyəcəyini bildirib.Eduardo Kunya 2015-ci ildə parlamentin spikeri olduğu zaman sabiq prezident Dilma Rusef barəsində impiçmentə dəstək vermişdi. Həmin dövrdə onun özünə qarşı korrupsiya ilə bağlı cinayət işi açılmışdı və Rusefin tərəfdarları Kunyanın buna görə prezidentdən qisas aldığını iddia edirdilər. Nəticədə sabiq spiker 15 il həbs cəzasına məhkum edilmiş, Rusef isə prezident postundan məhrum olmuşdu.14ymedio xəbər portalının yaydığı xəbərə görə, Braziliyada minlərlə insan Mişel Temerin istefası və ümumi seçkilər keçirilməsi tələbi ilə küçələrə çıxıb. Aksiyalar ölkənin onlarla şəhərini əhatə edib. Ən miqyaslı nümayişlər Rio-de-Janeyroda, San-Pauluda və paytaxt Braziliada keçirilib.xeber100.com

May 19, 2017 4:04