“5G” mobil şəbəkəsinin buraxılışı 2020-ci ilə gözlənilir

“4G” şəbəkəsi ilə müqayisədə 1000 dəfə yüksək sürət təmin etmək qabiliyyətinə malik “5G” mobil şəbəkəsinin kommersiya buraxılışı yalnız 2020-ci ilə gözlənilir. Buna baxmayaraq, “Strategy Analytics” tədqiqat şirkətinin analitikləri artıq yeni rabitə standartı ilə bağlı proqnoz verib. Azərtac “dailycomm.ru” saytına istinadən xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə, “5G” şəbəkəsini dəstəkləyən ilk mobil qurğular artıq 2018-ci ildə əlçatan ola bilər. Mütəxəssislər bildiriblər ki, smartfon istehsalçıları bir sıra texniki problemləri həll etməlidir. 2020-ci ilə bu çətinliklərin aradan qaldırılacağı gözlənilir. Həmin vaxt “5G” dəstəkli aparatların kiçik partiyaları Cənubi Koreya və Yaponiya bazarlarına satışa çıxarılacaq. 2021-ci ildən həmin qurğular ABŞ, Böyük Britaniya, İsveç, Birləşmiş Ərəb Əmirlikləri və Çin daxil olmaqla, başqa ölkələrdə əlçatan olacaq. “Strategy Analytics”in uzunmüddətli proqnozuna əsasən, 2022-ci ilə dünyada “5G” dəstəkli on milyonlarla mobil telefon satılacaq, lakin bazarda onların payı 5 faizi ötməyəcək. Araşdırmaya əsasən, 2025-ci ilə “5G” aparatlarının qlobal tədarükü 300 milyonu ötəcək. Təxmin edilir ki, 2025-ci ilə mobil qoşulmaların təqribən 7 faizi “5G” şəbəkələrinin köməyi ilə qurulacaq.xeber100.com

Avqust 26, 2016 2:01