“Financial Times” yazır…

"Gartner" analitik şirkəti qlobal smartfonlar bazarı üzrə hesabatını dərc edib. "Financial Times" nəşri yazır ki, "Apple" və "Xiaomi" şirkətləri "Oppo" kimi daha az tanınan Çin brendlərinin təzyiqi nəticəsində mövqeyini itirir. "Gartner"in məlumatına görə, 2016-cı ilin aprel-iyununda dünyada 344 milyon smartfon satılıb ki, bu da ötən illə müqayisədə 4.3 faiz daha yüksəkdir. Yaponiya istisna olmaqla bütün inkişaf etmiş regionlarda satış həcminin azalması qeydə alınıb. Latın Amerikası dövlətlərindən başqa, inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələrdə 9.9 faiz artım müşahidə olunub. Azərtac “dailycomm.ru” saytına istinadən xəbər verir ki, "Samsung Electronics" şirkəti qlobal smartfon bazarının lideridir. Cənubi Koreya nəhəngi "ağıllı" telefonların satışını 6.5 faiz artıraraq 76.7 milyona çatdırıb. "Apple" şirkətinin istehsalı olan "iPhone"un satış həcmi 7.7 faiz azalaraq 44.4 milyon təşkil edib. Kaliforniya nəhənginin bazar payı 14.6 faizdən 12.9 faizədək azalıb. Artıq 3 rüb ardıcıl "Apple" şirkətində azalma qeydə alınır. Avrasiya, Afrika və Şərqi Avropa ölkələrində “iPhone" smartfonlarına yüksək tələbat var. Ancaq Çində tələbatın 26 faiz azalması nəticəsində şirkət rübü artımla başa vura bilməyib. "Huawei" şirkəti ən böyük smartfon istehsalçılarının reytinqində üçüncü yerdə qərarlaşıb. Müvafiq dövrdə 30.7 milyon "Huawei" smartfonu satılıb, halbuki 2015-ci ilin aprel-iyununda bu göstərici 26.5 milyon olmuşdu.xeber100.com

Avqust 18, 2016 4:13

Yaponiya hökumətinin qənaətinə əsasən…

Yaponiya Baş Yanğınsöndürmə İdarəsinin yaydığı məlumata görə, ötən həftə beş min beş yüzdən çox insan günvurma səbəbindən xəstəxanalara yerləşdirilib. Hesabat dövrü kimi götürülən avqustun 8-dən 14-dək Yaponiyada istilər qismən azalıb. Buna görə də xəstəxanalara yerləşdirilənlərin sayı hiss olunacaq dərəcədə azalıb. Bundan əlavə ötən həftə istilərlə bağlı ölüm hadisəsi də qeydə alınmayıb. Bir həftə bundan əvvəl isə ölkədə istilər nəticəsində 12 nəfərin öldüyü bildirilir. Həlak olanların əksəriyyətinin yaşlı insanlar olduğu qeyd edilir. Hökumətin qənaətinə əsasən, əcnəbilərin vərdiş etmədiyi isti və rütubətli yay 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı ciddi problemlər yarada bilər. NHK televiziya kanalının yaydığı məlumata görə, hökumət bunun qarşısını almaq üçün dördballı xəbərdarlıq sisteminin yaradılması üzərində işləyir. Həmin məqsədlə bütün şəhər üzrə ötürücülər və termometrlər şəbəkəsinin quraşdırılması nəzərdə tutulur. Cari ildə Yaponiyada istilər iyunun ortalarından başlanıb. Yağışlar fəslinin başa çatmasına baxmayaraq, Tokioda davam edən yağışlar rütubətin kəskin artması ilə müşahidə olunur. Ötən yay Yaponiyada istilər nəticəsində 100-dən çox insan həlak olub, daha 53 min nəfər xəstəxanalara yerləşdirilib. Yapon həkimlər əhaliyə günə çox çıxmamağı, baş geyimi daşımağı və çoxlu maye qəbul etməyi tövsiyə edirlər.xeber100.com

Avqust 16, 2016 3:59