“Dağlıq Qarabağ münaqişəsi Rusiyanın periferiyasında olan lokal çətinlik kimi yox, Avropa İttifaqının yaxın qonşuluğunda olan təhlükəli qeyri-stabillik və böhran mənbəyi kimi nəzərdən keçirilməlidir”.
Rusiya mətbuatının məlumatına görə, bu barədə “Avropa Siyasi Mərkəzi” adlı müstəqil beyin mərkəzinin “Dağlıq Qarabağ və Avropanın sərhədlərində olan böhranlar qövsü” başlıqlı araşdırmasında deyilir.
Araşdırmada qeyd edilir ki, 20 ildən çox müddətdə Azərbaycan və Ermənistan hərbi və diplomatik çıxılmazlığın içindədir və 2011-ci ildən başlayaraq Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun fəaliyyəti dalana dirənib. Bildirilir ki, 2015-ci il dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri bu duruma son qoymaq üçün İsveçrədə görüşsələr də, konkret bir razılıq əldə edilməyib: “Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinə mərkəzi rol verərək özünü münaqişənin həlli prosesindən kənarda qoyub. Avropa Qonşuluq Siyasətinin yeni icmalı etiraf edir ki, dondurulmuş münaqişələr regionun inkişafına əngəl törədir. Bütün bunlar onu deməyə əsas verir ki, yeni müharibə təkcə Avropa İttifaqı ilə bağlılığı olan Cənub Qaz Dəhlizi kimi enerji layihəsini risk altına qoymayacaq, həm də Avropanın miqrant axını kimi bir problem yaşadığı vaxtda yeni miqrant axını ilə üzləşməsinə səbəb olacaq. Aİ “yumşaq güc” bacarıqlarından, təcrübəsindən istifadə edərək innovativ təşəbbüslərlə çıxış edərək aparıcı rol oynamalıdır”.
Araşdırmada deyilir ki, Dağlıq Qarabağ münaqişəsi region geosiyasətinin dəyişməsi və regional qüvvələr arasında tarixi yarışdan ciddi şəkildə təsirlənib: “Bu gün Dağlıq Qarabağ Ukraynadan Suriya və Şimali Afrikaya qədər uzanan böhranlar qövsünə qoşulmaq riski ilə üzləşir. Lakin buna baxmayaraq, münaqişələrin həlli prosesinə cəlb olunan çoxları o düşüncədədir ki, Qarabağ qonşu regionlardakı xaosdan izolyasiya edilə bilər. Onlar qeyd edirlər ki, Minsk Qrupu həmsədrləri Qərb və Rusiya arasında münasibətlərin soyuqlaşmasına baxmayaraq, birlikdə işləməyə davam edəcəklər”.
Yazıda Rusiyanın Qafqazdakı roluna də diqqət çəkilir.
“Rusiya Cənubi Qafqazda eyni anda sülh yaradan (peacemaker), problem yaradan (troublemaker), silah təchizatçısı, regional polismen, iqtisadi hegemon və “ənənəvi dəyərlərin müdafiəçisi” qismində çıxış edir. Rusiyanın Ukraynadakı fəaliyyəti, həmçinin, daha yaxın tarixdə Xəzərdəki donanmasından istifadə edərək Suriyadakı hədəfləri bombalaması hərbi cəhətdən məqsədəuyğun ola bilər, lakin bu, həm də Rusiyanın bölgədəki “maço” obrazını gücləndirməsinə yardım edib. Həmsədrlərdən Rusiya xüsusi aktivdir. Xarici işlər naziri Sergey Lavrov son dövrdə danışıqlar prosesini irəliyə aparmaq üçün bir sıra ideyalar irəli sürüb. Detallardan heç nə məlum olmasa da, o bəllidir ki, bu ideyalar Fransa və ABŞ tərəfindən təsdiqlənib”.
Sonda Avropa İttifaqının bu sahədə fəaliyyətini effektiv ləşdirməsinin vacibliyi də vurğulanır: “Azərbaycan “Şərq tərəfdaşlığı”nın Riqa bəyannaməsində ərazi bütövlüyü və suverenlik kimi konsepsiyalara ciddi önəm verilməsini alqışlasa da, Bakı Krımın Rusiya tərəfindən işğalının vurğulandığı halda, Avropa İttifaqının Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalını vurğulamaqdan imtina etməsindən narazı qaldı. Münasibətlər Avropa Parlamentinin qətnaməsindən sonra daha da pisləşdi. Azərbaycan “Avronest”də iştirakını dayandırdı. Qətnamə bir sıra vacib məsələləri qaldırsa da, hazırlanma prosesi Avropa İttifaqının regiona dair vahid, koordinasiya olunmuş strategiyasının olmadığını göstərir”.
Araşdırmanın müəllifləri Amanda Paul və Dennis Sammut hesab edirlər ki, Aİ-nın xarici siyasət idarəsinin rəhbəri Federika Mogerininin fevralda planlaşdırılan səfəri münasibətlərdə “reset” düyməsinə basa bilər.