2020-ci ildə müdafiəyə ayrılan xərclər 2 trilyon ABŞ dollarına bərabər olub

2020-ci ildə dünya üzrə müdafiəyə ayrılan xərclər təqribən 2 trilyon ABŞ dollarına bərabər olub.Azərtac Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SIPRI) mətbuat üçün yaydığı məlumata istinadla xəbər verir ki, 2020-ci ildə dünya üzrə hərbi xərclər 2019-cu illə müqayisədə 2,6 faiz artaraq, 1981 milyard ABŞ dollarına bərabər olub.2020-ci ildə ən iri müdafiə büdcəsinə malik ölkələrin beşliyinə ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniya daxildir ki, dünya üzrə məcmu hərbi xərclərin 62 faizi onların payına düşür.Tədqiqatçıların qeyd etdiyi kimi, hərbi xərclərin 2,6 faiz artması ÜDM-in dünya üzrə əsasən COVID-19 pandemiyasının iqtisadi fəsadları ilə bağlı 4,4 faiz azaldığı ildə baş verib. İqtisadiyyatın zəifləməsi nəticəsində hərbi xərclərin dünya üzrə orta göstəricisi 2019-cu ildə ÜDM-in 2,2 faizi ilə müqayisədə 2020-ci ildə ÜDM-in 2,4 faizinə çatıb. Bu, 2009-cu böhran ilindən bəri illik hesablamada hərbi xərclərin ən yüksək artımıdır.Bununla belə, pandemiya bu sahədən də yan keçməyib və 2020-ci ildə bir sıra ölkələr müdafiə xərclərinin bir hissəsini koronavirusa qarşı mübarizəyə yönləndirməli olublar. Cənubi Koreya, Braziliya, Rusiya və Çili müdafiə sahəsinə əvvəlcədən planlaşdırıldığından az vəsait xərcləyən ölkələrdəndir. SIPRI ekspertləri pandemiya şəraitində başqa ölkələrdə də bu trendin davamlı olması ehtimalını yüksək dəyərləndirirlər.Ekspertlər ümumilikdə, ABŞ-ın hərbi xərclərinin əhəmiyyətli dərəcədə artmasını qeyd edirlər. 2020-ci ildə ABŞ-ın hərbi xərcləri təqribən 778 milyard dollara çatıb, bu da 2019-cu illə müqayisədə 4,4 faiz çoxdur. İllik hesablamada 2020-ci ildə dünya üzrə hərbi xərclərin 39 faizi ABŞ-ın payına düşür. Beləliklə, ABŞ-ın hərbi xərcləri 7 illik fasiləsiz azalmadan sonra ardıcıl olaraq üçüncü ildir ki, artıb.Ardıcıl olaraq 26 ildir Çinin hərbi xərcləri artaraq, 2020-ci ildə 252 milyard ABŞ dolları təşkil edib. Bu, 2019-cu illə müqayisədə 1,9 faiz artımı ifadə edir.Hərbi xərclərin artımı NATO-ya üzv ölkələr arasında da müşahidə edilib. Praktiki olaraq, Şimali Atlantika Müqaviləsi Təşkilatının bütün üzvləri 2020-ci ildə hərbi yükün artımı ilə qarşılaşıblar. Nəticədə NATO-ya üzv 12 ölkə hərbi xərclərə öz ÜDM-lərinin 2 faizi və ya daha çox vəsait sərf ediblər.xeber100.com    

Aprel 26, 2021 3:08

COVID-19 pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir

Müqəddəs Ramazan ayında COVID-19 pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir.Azərtac xəbər verir ki, son sutkada Misirdə yeni növ koronavirusdan 41 nəfər vəfat edib, həyatını itirənlərin ümumi sayı isə 12 min 694-ə çatıb. Ölkənin 18 vilayətində təravih namazları vaxtı əhalinin toplaşması və ibadət vaxtı məhdudlaşdırılıb. Bundan başqa, xristian kilsələrində də qarşıdakı bayramlarda ibadətlər qadağan edilib. Qibti keşişləri pasxa zamanı insanlara evlərində ibadət etməyi tövsiyə edib. Misirin səhiyyə naziri Halə Zayid əhaliyə müraciət edərək Ramazan ayı boyunca karantin qaydalarına əməl etməyə çağırıb.Tunisdə daha sərt karantin qaydaları tətbiq edilib. Belə ki, axşam saat 7-dən səhər 5-dək insanların küçəyə çıxması və avtomobillərin hərəkəti qadağan olunub. Ölkə Prezidenti Kais Said əhalini karantin qaydalarına əməl etməyə çağırıb. O əlavə edib ki, Ramazan ayında pandemiya nəticəsində minlərlə iş yeri bağlanıb və insanların ağır sosial vəziyyətini yüngülləşdirmək məqsədilə əlavə tədbirlər görüləcək. Bundan başqa, Tunisdə aprelin 30-dək məktəblərdə dərslər də dayandırılıb. Cəmi 11 milyon əhalisi olan bu ölkədə indiyədək 282 mindən çox yoluxma və 9 min 700 ölüm faktı qeydə alınıb.Silahlı münaqişə ilə çalxalanan Efiopiyada da Ramazan ayında yeni məhdudiyyətlər tətbiq edilib. İndiyədək 240 minə yaxın insanın COVID-19-a yoluxduğu və 3 min 300 nəfərin vəfat etdiyi bu ölkədə axşam saatlarında əhalinin küçəyə çıxması və məscidlərdə kütləvi namaz qılması məhdudlaşdırılıb. Bundan başqa, ölkəyə giriş-çıxış da qadağan edilib. Efiopiyanın Tiqray bölgəsində silahlı münaqişə nəticəsində Sudana sığınmış qaçqınların düşərgəsində isə vəziyyət daha ağırdır. Pandemiya ilə yanaşı, evlərindən didərgin düşmüş insanlar aclıq təhlükəsi ilə qarşılaşıblar.xeber100.com

Aprel 19, 2021 12:05