Dekabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında təşkilata üzv dövlətlər təqib və ya müharibələr nəticəsində qaçqın düşmüş insanların müdafiəsi haqqında Qlobal Sazişi təsdiq ediblər.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın Qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi bununla bağlı keçirdiyi mətbuat konfransında bu sənədin qaçqınların müdafiəsi işini hüquqi müstəviyə keçirdiyini bildirib. “Dövlətlər etiraf etməli oldular ki, çoxlu sayda qaçqınları qəbul edən ölkələr bəşəriyyətə böyük xidmət göstəriblər. Bu sənəd digər ölkələrin də onların yükünü paylaşmasına imkan yaradır”, - deyə ali komissar əlavə edib.Ekspertlərin qənaətinə görə, bu sənəd indi daha aktualdır. Belə ki, hazırda bütün dünyada 68,5 milyon insan öz doğma yurdunu tərk etməyə məcbur olub. Onlardan 25,4 milyonu başqa ölkələrdə sığınacaq axtarır. Qaçqınların 90 faizi isə inkişaf etmiş ölkələrə üz tutur. Halbuki bu ölkələrin bir çoxunda da iqtisadi və sosial problemlər mövcuddur. Bu sənəd dövlət və özəl sektorun vəsaitləri hesabına həmin ölkələrin infrastruktur sisteminə, səhiyyə və təhsil sahələrinə sərmayələr qoyulmasını nəzərdə tutur.Sənəddə bildirilir ki, qaçqınlara təhsil almaq və yaşadıqları ölkənin cəmiyyət həyatında fəal iştirak etmək üçün şərait yaradılmalıdır. Sazişin müəllifləri qaçqın probleminin ekoloji tarazlığa təsiri məsələsini də nəzərə alıblar. Yoxsul ölkələrə sığınmış insanların digər dövlətlərə köçürülməsi üçün ailələrin birləşdirilməsi, tələbə və humanitar vizaların verilməsi yollarından da istifadə olunacaq. Eyni zamanda, sənəddə göstərilir ki, problemin optimal həlli qaçqınların könüllü olaraq evlərinə qayıtmasıdır.xeber100.com