Yanvarın 2-də Brexit üzrə planlaşdırılmamış iclas keçiriləcək

Böyük Britaniyanın Baş naziri Tereza Mey yanvarın 2-də Nazirlər Kabinetinin “sərt” Brexit (Avropa İttifaqından sazişsiz çıxış) üzrə planlaşdırılmamış iclasını keçirəcək.TASS informasiya portalı xəbər verir ki, iclas yanvarın 9-da Britaniya parlamentində ölkənin Avropa İttifaqının tərkibindən çıxması şərtləri barədə ikigünlük debatlar ərəfəsində fəaliyyət planı hazırlamaq üçün çağırılır. Bununla yanaşı, saziş barədə səsvermənin keçiriləcəyi vaxt göstərilmir. Əvvəlcə dekabrın 11-nə planlaşdırılan səsvermə İcmalar Palatası sazişi təsdiqləməyə hazır olmadığından yanvar ayına keçirilib.İrlandiya adasında sərhəd probleminin həll edilməməsi Baş nazirin opponentlərinin, o cümlədən hakim Mühafizəkarlar partiyasının onlarla üzvünün narazılığına səbəb olub. Böyük Britaniya hökumətinin bəzi üzvləri də Tereza Mey və Avropa İttifaqı liderləri arasında Brexit şərtləri üzrə əldə olunan razılaşmanı uğursuz hesab edirlər. Britaniya kabinetinin üzvləri ölkənin Aİ-nin tərkibindən çıxması barədə yeni referendumun keçirilməsini də mümkün sayırlar. Bu ideyanı 5 nazir dəstəkləyir.Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumda Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirmişdi.xeber100.com

Dekabr 25, 2018 12:51

Qaçqın düşmüş insanların müdafiəsi haqqında Qlobal Saziş təsdiq edilib

Dekabrın 17-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı baş qərargahında təşkilata üzv dövlətlər təqib və ya müharibələr nəticəsində qaçqın düşmüş insanların müdafiəsi haqqında Qlobal Sazişi təsdiq ediblər.Azərtac BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın Qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi bununla bağlı keçirdiyi mətbuat konfransında bu sənədin qaçqınların müdafiəsi işini hüquqi müstəviyə keçirdiyini bildirib. “Dövlətlər etiraf etməli oldular ki, çoxlu sayda qaçqınları qəbul edən ölkələr bəşəriyyətə böyük xidmət göstəriblər. Bu sənəd digər ölkələrin də onların yükünü paylaşmasına imkan yaradır”, - deyə ali komissar əlavə edib.Ekspertlərin qənaətinə görə, bu sənəd indi daha aktualdır. Belə ki, hazırda bütün dünyada 68,5 milyon insan öz doğma yurdunu tərk etməyə məcbur olub. Onlardan 25,4 milyonu başqa ölkələrdə sığınacaq axtarır. Qaçqınların 90 faizi isə inkişaf etmiş ölkələrə üz tutur. Halbuki bu ölkələrin bir çoxunda da iqtisadi və sosial problemlər mövcuddur. Bu sənəd dövlət və özəl sektorun vəsaitləri hesabına həmin ölkələrin infrastruktur sisteminə, səhiyyə və təhsil sahələrinə sərmayələr qoyulmasını nəzərdə tutur.Sənəddə bildirilir ki, qaçqınlara təhsil almaq və yaşadıqları ölkənin cəmiyyət həyatında fəal iştirak etmək üçün şərait yaradılmalıdır. Sazişin müəllifləri qaçqın probleminin ekoloji tarazlığa təsiri məsələsini də nəzərə alıblar. Yoxsul ölkələrə sığınmış insanların digər dövlətlərə köçürülməsi üçün ailələrin birləşdirilməsi, tələbə və humanitar vizaların verilməsi yollarından da istifadə olunacaq. Eyni zamanda, sənəddə göstərilir ki, problemin optimal həlli qaçqınların könüllü olaraq evlərinə qayıtmasıdır.xeber100.com

Dekabr 18, 2018 2:56