“Bahrain International Series-2018” turnirinə yekun vurulub

Bəhreynin Madinat-İsa şəhərində badminton üzrə “Bahrain International Series-2018” turnirinə yekun vurulub. Turnirdə iştirak edən badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni uğurlu çıxışla yadda qalıblar.Azərtac xəbər verir ki, kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Ezmi Qovimuramadhoni yarımfinala kimi məğlubiyyətsiz irəliləyib. Yarımfinala kimi Bəhreyn, Pakistan, İordaniya badmintonçularına qalib gələn Ezmi bu mərhələdə ABŞ təmsilçisi Timoti Lamla qarşılaşıb. Üç set davam edən görüş amerikalı badmintonçunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mübarizəni yarımfinalda dayandıran Qovimuramadhoni kişilərin şəxsi yarışında bürünc medal qazanıb.Mübarizəyə 1/8 finaldan qoşulan Edi Reski Dviçayo isə yarımfinala kimi İngiltərə və Bəhreyn badmintonçularına qalib gəlib. Yarımfinalda Yaponiya idmançısı Haruki Fukuda üzərində 2:1 hesablı qələbə qazanan Edi finalda ABŞ badmintonçusu Timoti Lamla üz-üzə gəlib. Amerikalı rəqibini 2:0 hesabı ilə məğlub edən Dviçayo “Bahrain International Series-2018” turnirinin qızıl medalını qazanıb.Badmintonçularımız eyni uğuru kişilərin qoşa yarışında da təkrarlayıblar. Bu kateqoriya üzrə yarışda mübarizəyə 1/4 finalda başlayan badmintonçularımız finala kimi Bəhreyn və Pakistandan olan həmkarlarına qalib gəliblər. Həlledici görüşdə yerli idmançılar Adnan və Cəfər İbrahim tandeminə 2:0 hesabı ilə qalib gələn Edi-Ezmi cütlüyü badmintonçuların qoşa yarışında qızıl medala sahib çıxıb.Beləliklə, ilk dəfə badmintonçularımız beynəlxalq turnirdə ümumilikdə 3 medal qazanıblar.

Noyabr 5, 2018 11:53

Futbol üzrə Türkiyə Superliqasının XI turunda

Noyabrın 2-də futbol üzrə Türkiyə Superliqasının XI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Fənərbağça”nı qəbul edəcək.Azərtac xəbər verir ki, “Türk Telekom Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Oyunun baş hakimi Fırat Aydınus olacaq.“Qalatasaray” və “Fənərbağça”nın heyətində bəzi aparıcı futbolçular zədəli və cəzalı olduqları üçün derbi oyununda meydana çıxa bilməyəcəklər.Bu qarşılaşma iki komanda arasında oynanılacaq 388-ci derbi matçı olacaq. Bu oyunlarda “Qalatasaray” 123, “Fənərbağça” isə 146 dəfə qalib gəlib, 118 görüş isə heç-heçə başa çatıb.Fatih Terimin baş məşqçisi olduğu komanda ötən həftə keçirilən görüşdə “Yeni Malatyaspor”a 0:2 hesabı ilə uduzub. Hesabında 19 xal olan “Qalatasaray” komandası üçüncü sırada qərarlaşıb.“Fənərbağça” klubunun rəhbərliyi sonuncu turda “Ankaragücü” komandasına 1:3 hesablı məğlubiyyətdən sonra hollandiyalı baş məşqçi Filip Kokunu vəzifəsindən azad edib. Derbi görüşünə komandanı hollandiyalı mütəxəssisin köməkçisi Ervin Kuman çıxaracaq. “Fənərbağça” çempionatda oynadığı son beş matçda qələbə qazana bilmir. On oyundan sonra cəmi 9 xal toplaya bilən “sarı-lacivərdlilər” hazırda turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə yer alıb.Türkiyə çempionatında “Başakşəhər” komandası 21 xalla liderdir. “Qalatasaray”la eyni xala malik “Kasımpaşa” isə top fərqinə görə turnir cədvəlində ikinci yeri tutur.xeber100.com

Noyabr 2, 2018 1:13