“Qarabağ” klubu “Zirə” kollektivini qəbul edib

Sentyabrın 26-da Topaz Premyer Liqasının ikinci turundan təxirə salınmış matçı oynanılıb.Azərtac xəbər verir ki, “Azərsun Arena”da keçirilən görüşdə “Qarabağ” klubu “Zirə” kollektivini qəbul edib. Görüşdə hesabı 28-ci dəqiqədə meydan sahibləri açıblar. Oyunun baş hakimi Ramin Diniyevin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Filip Ozoviç dəqiq yerinə yetirib. Birinci hissə ağdamlıların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.Fasilədən sonra Qurban Qurbanovun yetirmələri hesab arasındakı fərqi artırıblar. İnnosent Emeqara cinah ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb - 2:0. Qarşılaşmanın 58-ci dəqiqəsində hakim bu dəfə “Qarabağ” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Mirsahib Abbasov zərbəni dəqiq yerinə yetirərək adını tabloya yazdırıb - 2:1. Matçın 82-ci dəqiqəsində M.Abbasov dublunu rəsmiləşdirərək hesaba tarazlıq gətirib - 2:2. Lakin “Qarabağ” qələbə topunu vurmağa nail olub. Qoldan üç dəqiqə sonra Abdullah Zubirin cinah ötürməsini İ.Emeqara dəqiq zərbə ilə tamamlayaraq oyunda özünün ikinci komandasının isə üçüncü qolunu vurub - 3:2. Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə hesab dəyişməyib.Beləliklə, görüş Ağdam təmsilçisinin 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.Bu qələbə sayəsində xalını 13-ə çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəlib. Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv “Neftçi” ilə eyni xala malik olsa da, top fərqindəki üstünlüyə görə liderə çevrilib.xeber100.com

Sentyabr 27, 2018 12:41