Topaz Premyer Liqasının dördüncü turuna start veriləcək

Sentyabrın 14-də uzun sürən fasilədən sonra Topaz Premyer Liqasının dördüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, bu gün meydançaya “Qarabağ” və “Sumqayıt” komandaları çıxacaq. İnqilab Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.Bu komandalar Premyer Liqada indiyədək 24 dəfə qarşılaşıblar. On yeddi matçda Ağdam təmsilçisi, dörd oyunda sumqayıtlılar qələbə qazanıb, üç qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqində də Qurban Qurbanovun yetirmələri böyük üstünlük ilə öndədir (50:12).Turun növbəti oyunu sentyabrın 15-də keçiriləcək. “Səbail” klubu “Bayıl Arena”da “Zirə” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq oyunu baş hakimi Rəşad Əhmədov idarə edəcək.Xatırladaq ki, bu komandalar indiyədək dörd dəfə qarşılaşıblar. Üçün oyunda “Zirə” qalib gəlib, bir matçda isə heç-heçə qeydə alınıb.Çempionatın debütantı “Sabah” klubunu bu turda ağır sınaq gözləyir. Komanda doğma meydanda - “Əlincə Arena”da “Qəbələ” klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.Dördüncü tura derbi oyunu ilə yekun vurulacaq. İki paytaxtın iki təmsilçisi “Neftçi” və “Keşlə” üz-üzə gələcəklər. “Bakcell Arena”da baş tutacaq oyunu Ramil Diniyev idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.“Ağ-qara”lar və keşləlilər bu vaxta kimi Topaz Premyer Liqasında 55 oyunda üz-üzə gəliblər. Bu oyunların 27-si “Neftçi”nin, 14 oyun isə “Keşlə” klubunun qələbəsi ilə başa çatıb, 14 qarşılaşma heç-heçə qurtarıb.Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.xeber100.com

Sentyabr 14, 2018 12:53

Gimnastika Federasiyasının məlumatına görə…

Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq, gimnastikanın 3 növü üzrə yerli yarışlar təşkil edəcək.Bu barədə Azərtac -a Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib.Sentyabrın 21-də Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək. Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “Neftçi İdman Klubu” və “Ocaq Sport” klubunu təmsil edən 25 gimnast çıxış edəcək. İştirakçılar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.Bir neçə gün sonra – sentyabrın 26-27-də “Ocaq Sport” klubun zalında akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı birinciliyi baş tutacaq. Bakı Gimnastika Məktəbi, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Neftçi İdman Klubu və Ocaq Sport Klubunu (Şabran) təmsil edən ümumilikdə 25 qadın cütlükləri, kişi cütlükləri, qadın qrupları, kişi qrupları və qarışıq cütlüklər balacalar, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında öz güclərini sınayacaqlar.Son olaraq isə mübarizəyə batutçular qoşulacaqlar. Sentyabrın 27-də “Ocaq Sport”da batut gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi təşkil olunacaq. Bakı Gimnastika Məktəbi və Ocaq Sport Klubunu təmsil edən ümumilikdə 44 batutçu balacalar, uşaqlar, yeniyetmələr gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaq.xeber100.com

Sentyabr 11, 2018 12:56