Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşa bilər.Azərtac xəbər verir ki, analitiklər bu fikirdədirlər. Onların fikrincə, neftin qiyməti gələn ilin ilk rübündə 50 dollar/barrelə qədər azala bilər.Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılmasına dair sazişin müddətini uzatmaları neftin qiymətinin sabit qalmasına imkan versə də, neft bazarındakı gözlənilməz sürprizlər də mübahisələr yaradır.“CNBC”yə müsahibəsində enerji mütəxəssisləri istehsaldakı artım proqnozu və artan geosiyasi risklərin təsiri ilə neftin qiymətdəki yüksəlişin 2018-ci ildə ilk rübünün sonunda azalmağa başlayacağını bildiriblər.“Longview Economics” araşdırma şirkətinin direktoru Harry Colvin deyib: “Qarşıdakı üç aylıq müddətdə neftin qiymətində ucuzlaşma yaşana bilər. Orta Şərqdə təzyiqin yüksəldiyinin şahid ola bilərik. Bu səbəblə qarşıdakı altı aylıq müddətdə neftlə əlaqədar həddindən artıq optimist proqnozlar vermək mümkün deyil”.H.Colvinin fikrincə neftin qiyməti 2018-ci ilin ilk rübünün sonunda 50 dollar/barrelə qədər geriləyəcək: “Hətta “qara qızıl”ın bir barrelinin qiymətinin 45 dollara düşməsi sürpriz olmayacaq”.“Citi Group”un eksperti Chris Main gələn ilin birinci rübünün sonuna qədər neftin bir barrelinin qiymətinin 57 dollara düşəcəyini proqnozlaşdırır.“PVM Oil Associates”in analitiki Stephen Brennock isə deyib: “2018-ci ilin ilk rübündə neftin qiymətini formalaşdıran əsas faktor geosiyasi proseslər olacaq. İran və Səudiyyə Ərəbistanı arasında artan gərginlik, eləcə də dünyanın ən böyük neft ehtiyatlarına sahib olan Venesueladakı borc böhranı neft bazarında sarsıntı yarada biləcək”.OPEC və bəzi qeyri-OPEC ölkələrinin birgə iş birliyi ilə neftin qiyməti 2015-ci ildən etibarən indiyədək təxminən 2,5 dəfə artaraq 65 dollar/barrelə yüksəlib. OPEC-in ötən ay keçirilən iclasında neft hasilatının azaldılmasına dair OPEC+ sazişinin müddətinin 2018-ci ilin sonuna qədər uzadılması qərara alınıb. Lakin neft nəhəngi ABŞ bu sazişə tərəf olan ölkələr sırasında deyil.Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2018-ci ildə neftin qiymətinin 62 dollar/barrel ətrafında olacağını proqnozlaşdırır.Qeyd edək ki, Milad bayramı ilə əlaqədar Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti dəyişməyərək 65,25 dollar, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 58,47 dollar təşkil edib.xeber100.com

Dekabr 25, 2017 3:10

“Əmanətlərin sığortalanması haqqında” Qanunda…

“Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq.Əmanətlərin Sığortalanması Fondundan Azərtac-a bildiriblər ki, “Dəmirbank” ASC-də bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsi üçün fondun kifayət qədər vəsaiti mövcuddur. Qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün ərizə və sənədlərin qəbulu yeri və vaxtı barədə əmanətçilərə əlavə məlumat veriləcək.Xatırladaq ki, 2016-cı il martın 2-də qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilib və bu tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15 faiz, xarici valyuta üzrə 3 faiz həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli 49 saylı qərarı ilə “Dəmirbank” ASC–yə bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziya dekabrın 23-də ləğv edilib.xeber100.com

Dekabr 25, 2017 3:04

Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası keçirilib

Bakıda Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş iclası keçirilib.Azərtac xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə durmadan inkişaf etdiyini deyib. Nazir bildirib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2017-ci ilin 11 ayının yekunlarına görə ticari-iqtisadi əməkdaşlıq sahəsində Azərbaycanın tərəfdaşları arasında Rusiya üçüncü yeri tutur. Azərbaycanın idxal həyata keçirdiyi ölkələr arasında Rusiya birinci yerdədir. Bu ölkə, həmçinin Azərbaycanın qeyri-neft ixracatında da bütün başqa tərəfdaşlardan ön sıradadır. Ş.Mustafayev əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu nəzərə çatdırıb. O, Azərbaycanda yaradılan sənaye parklarında Rusiya şirkətlərinin iştirakını, neft maşınqayırması sənayesində əməkdaşlığı, Rusiya bazarları üçün kənd təsərrüfatı mallarının istehsalı sahələrini diqqətə çatdırıb.Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin də iqtisadi əməkdaşlığın yüksək inkişafını qeyd edib. Nazir bildirib ki, cari ilin 10 ayı ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2,1 milyard dollar təşkil edib. O, ölkələrimiz arasında həyata keçirilən investisiya layihələrini xüsusi vurğulayıb.İclas iştirakçıları Azərbaycan və Rusiya arasında, xüsusən energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, inşaat və turizm kimi sahələrdə ticari-iqtisadi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə müzakirələr aparıblar. İnvestisiya layihələrinin və təşəbbüslərin inkişafı, həmçinin iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin şərtlərinin yaxşılaşdırılması iclasın əsas mövzusu olub.Geniş iclasda Azərbaycanın və Rusiyanın dövlət orqanlarının və işgüzar birliklərinin nümayəndələri iştirak ediblər.İclasın sonunda iki ölkənin iqtisadiyyat nazirlərinin iştirakı ilə Rusiya və Azərbaycan şirkətləri arasında Niyyət Memorandumları imzalanıb.İclas çərçivəsində B2B görüşləri və işgüzar əlaqələr birjası təşkil olunub.xeber100.com

Dekabr 25, 2017 3:01

Əməkdaşlıq məsələləri müzakirə olunub

"Son 25 ildə Azərbaycan yüksələn xətlə sürətlə inkişaf edib. Bu da Azərbaycan-Hindistan münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxarıb".Apa-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib.İki ölkə arasında fəal ticarət əlaqələrinin və vətəndaşların qarşılıqlı səfərlərinin olduğunu deyən S. Rana ikitərəfli əlaqələrin inkişafı üçün daha çox potensialın olduğunu bildirib:" Bu, çatmaq istədiyimiz səviyyə deyil. Hindistan ölkələrimizi əlaqələndirəcək beynəlxalq Şimal-Cənub dəhlizini inkişaf etdirməyi düşünür. Hindistan kənd təsərrüfatı, pambıqçılıq, tütünçülük sahələrində yüksək təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla paylaşa bilər. Bundan başqa, Azərbaycanın informasiya texnologiyası üzrə böyük potensialı var və bu sahədə də əməkdaşlıq edə bilərik. Bu, hər iki ölkəyə kömək edə bilər. Həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsi inkişaf etdiyindən bu istiqamətdə əməkdaşlıq edə bilərik. Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırdığımız digər sahə isə kosmik sahədir".Səfir bildirib ki, Azərbaycan çox dinamik ölkədir və Hindistan hər sahədə əməkdaşlıq etməyə hazırdır.Diplomat əlavə edib ki, ölkələr arasında əlaqələr daha da dərinləşməlidir və buna beynəlxalq Şimal-Cənub dəhlizi, eləcə də aviareyslər vasitəsi ilə nail oluna bilər: "Biz inkişaf etmiş sənaye sahələrində birgə müəssisələrin yaradılmasını, eləcə də mədəniyyət, humanitar sahədə əməkdaşlığı davam etdirmək və qarşılıqlı səfərləri artırmaq istəyirik. Növbəti ildə iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələri, hökumətlərarası komissiyanın növbəti görüşünü keçirməyi və daha yüksək səviyyəli səfərlər həyata keçirməyi nəzərdə tuturuq".xeber100.com

Dekabr 24, 2017 1:53

“Iqtisadiyyata 225 milyard dollar həcmində investisiya yatırılıb”…

“2003-2017-ci illərdə milli iqtisadiyyat 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunun 2,6 dəfə artıb, strateji valyuta ehtiyatları 26,2 dəfə çoxalaraq bu ilin oktyabr ayının əvvəlinə 42 milyard dollar səviyyəsinə çatıb, iqtisadiyyata 225 milyard dollar həcmində investisiya yatırılıb”.“Apa-Economics”in məlumatına görə, bu barədə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd olunub. Nazir bildirib ki, “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildəki 69-cu yerdən 34 pillə irəliləyərək 2017-ci ildə 35-ci yerə yüksələn Azərbaycanda eyni zamanda bütün çadır düşərgələrinin ləğvinə, məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksinin salınaraq bu təbəqədən olan 250 min insanın mənzil şəraitinin yaxşılaşdırılmasına nail olunub, 3 mindən çox məktəb, 600-dən artıq tibb ocağı, 40-dan çox olimpiya idman kompleksi tikilib və hazırda da bu proses davam etdirilir.“2003-2016-cı illərdə əhali gəlirlərinin 8 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gəlirlərinin dəstəklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir. Bu artım tendensiyası 2017-ci ildə də davam edib və cari ilin 11 ayında əhalinin nominal gəlirləri 8,2 faiz artaraq 43,4 mlrd manata, adambaşına düşən gəlirlər 7,2 faiz artaraq 4459 manata çatıb. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən cəmi 9 il sonra - 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulsa da, bu məqsədlərin icrasında, xüsusən də yoxsulluğun azaldılmasında böyük nailiyyətlərə imza atan ölkələrdən biridir. Məqsədyönlü dövlət proqramları, kompleks tədbirlər nəticəsində yoxsulluğun 5 faiz səviyyəsinə qədər azaldığı Azərbaycan BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gündəliyindəki öhdəliklərin icrasında da fəal iştirak edir. Məqsədlərdən səkkizincisi inklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu nəzərdə tutur”, - deyə S.Müslümov vurğulayıb.

Dekabr 24, 2017 1:36