“Nə var, odur” adlı fərdi sərgisi keçiriləcək

Noyabrın 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində azərbaycanlı rəssam Faiq Əhmədin “Nə var, odur” adlı fərdi sərgisi keçiriləcək. Azərtac xəbər verir ki, sərgidə ənənəvi Azərbaycan icmalarında gender münasibətləri və sosial strukturları araşdıran altı yeni monumental əsər nümayiş etdiriləcək. Faiq Əhməd Azərbaycanın ənənəvi xalçaçılıq sənətinə söykənən və köklü transformasiyalar edən toxunma əsərləri ilə tanınır. O, paytaxt Bakıdan kənarda yaşayan azərbaycanlıların sosial mühitinin araşdırılmasından qaynaqlanan yeni silsilə əsərlər yaratmağa başlayıb. Sərginin adı (“Nə var, odur”), təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin “necə var, elə” qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb. Bu, həyatla razılaşmağı və barışmağı ifadə edən mental durumdur. Rəssamın ayrı-ayrı region səfərlərində apardığı müsahibə və söhbətlər, yeni əsərlərinə özünəməxsus sətiraltı şərhlərdir və həmin əsərlərdə ənənəvi Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərinin ab-havası duyulur. Faiqin əsərləri - yox olan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Həmin əsərlər büsbütün qəm-qüssədən azad olmaqla yanaşı, Asiya və Avropanın, Şərq və Qərbin kəsişmələrində yer alan adət-ənənələri “Şərq təcrübələri” kimi qələmə verir. Bu isə seksuallıq və ölüm ilə ənənəvi münasibətləri araşdıran, sosial qadağalara və fərdi travmalara ünvanlanan yeni heykəllər, filmlər, rəsmlər və toxunma əsərlər silsiləsi ilə nəticələnir. Qeyd edək ki, sərginin kuratoru Björn Geldhofdur.xeber100.com

Noyabr 4, 2016 11:19

VII Avropa Film Festivalının açılışı olub

Noyabrın 3-də Bakıda VII Avropa Film Festivalının açılışı olub. Azərtac xəbər verir ki, açılışı “Park Bulvar”da baş tutan film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir. Açılışda “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev çıxış edərək deyib ki, festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək. N.Quliyev festivalda maksimum sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirdiklərini qeyd edib. Vurğulanıb ki, builki festivalı izləmək üçün 6-7 min insanın iştirakı nəzərdə tutulur. Həmçinin qeyd olunub ki, festival Azərbaycan və Avropa kino xadimlərinin mübadilə aparmaları üçün əlverişli platformadır. Filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın nümayiş olunacaq ekran əsərləri vasitəsilə Avropa mədəniyyətinin müxtəlif rakurslardan tamaşaçılara çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. Xanım diplomat bildirib ki, artıq yeddinci dəfə keçirilən festival “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. M.Mard 10 gün davam edəcək festivalın baş tutmasında göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib. İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunan “Bağlı gözlərlə yaşamaq asandır” adlı ispan filmi haqqında məlumat verib. Bildirilib ki, rejissor David Truebenin komediya-dram janrında ekranlaşdırdığı film bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altı “Qoyya” mükafatı qazanıb. Daha sonra festival İspaniya və Yunanıstan istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır”, “Kiçik İngiltərə” adlı filmlərin nümayişi ilə açıq elan olunub.xeber100.com

Noyabr 4, 2016 11:15