Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində “Poçtap” xidməti istifadəyə verilib. “Poçtap” itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.Nazirlikdən Azərtac-a bildirilib ki, bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də “Şəbəkə” xidmət mərkəzlərinə anonimliyini qorumaq şərtilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək, axtarış etmək olar.Sənədi tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək uzadıla bilər.Qeyd edək ki, “Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və “Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.xeber100.com

Mart 2, 2017 12:38

Əməkdaşlığa dair Memorandum imzalanıb

Fevralın 27-də “Azərbaycan və Bolqarıstan Audit Forumu” çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası və Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov ölkə Prezidentinin Auditorlar Palatasına audit sahəsində mütərəqqi xarici təcrübənin öyrənilməsini və respublikada tətbiqini tövsiyə etdiyini qeyd edib.Palata sədri vurğulayıb ki, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, Azərbaycan Respublikasının Auditorlar Palatası 40–a yaxın ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq əlaqələri qurub. Bu siyahıya bu gündən Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutu da daxil olub.Vahid Novruzov bildirib ki, yeni tərəfdaşımız -Bolqarıstan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutunun zəngin təcrübəyə malik olması Azərbaycan Respublikası Auditorlar Palatası üçün çox əhəmiyyətlidir. İnstitutun Bolqarıstanda audit sahəsində kadrların hazırlanması istiqamətində gördüyü işlər, bütövlükdə auditin tənzimlənməsi, keyfiyyətə nəzarət problemlərinə göstərdikləri diqqət bizə yaxşı məlumdur. İmzalanmış saziş hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq.xeber100.com

Fevral 27, 2017 2:45