Noyabrın 8-də Koreya Respublikasının paytaxtı Seulda türkdilli dövlətlərin mədəniyyət festivalının açılış mərasimi olub. Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Koreya Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan təmsil olunur. Koreya Milli Muzeyində keçirilən açılış mərasimində çıxış edən Xarici İşlər Nazirliyinin ictimai diplomatiya üzrə səfiri Ço Hyun-donq bu cür festivalların Koreyada türkdilli ölkələrin daha yaxşı tanıdılması və qarşılıqlı mədəniyyət mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. O, koreyalıların və türkdilli millətlərin dillərində, folklorunda, adət-ənənələrində bənzərliklərin olduğunu vurğulayaraq, xalqlarımız arasında mədəni mübadilənin tarixinin qədim olduğunu deyib. Mərasimdə çıxış edən ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov deyib ki, Azərbaycan tərəfinin iki il əvvəl belə bir festivalın keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə reallaşması sevindirici haldır. O, əmin olduğunu bildirib ki, mədəni mübadilə ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin dərinləşməsinə imkan yaradacaq.xeber100.com